Logo

Tarix yazan sərkərdə - BDU tələbəsi yazır...

03.05.2021 18:37 139 baxış
IMG

Dövlətləri dünyaya tanıdan onların mədəniyyəti, təbii sərvətləri ilə yanaşı dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərdən biri də tarixə adını “Tarix yazan Sərkərdə” kimi yazdıran Cənab Ali Baş Komandanımız İlham Əliyevdir.


Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi.


O, düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələriylə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələrə baxdıqca, belə bir prezidentimiz olduğu üçün daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı.


Xalqımızın ən kiçiyindən tutmuş ən böyüyünə kimi onun qürur, zəfər dolu müraciətlərini, tvitlərini səbirsizliklə gözləyirdik. Prezidentimiz sözün əsl mənasında, xalq, ordu, dövlət birliyi ilə Azərbaycan adlı güclü bir ailə yaratdı. Xalqa müraciətlərində işlətdiyi cümlələr hələ uzun illər dillərdən düşməyəcək. Ürəyimizin səsini dilə gətirərək səsləndirən prezidentimizin hər müraciəti yaddaşlara həkk olundu. Bu müraciətləri ilə belə tarix yazdı.


Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa başladı. Onun sayəsində biz Qarabağımıza, evimizə yenidən qovuşduq. O, tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi.


Vətən savaşında müzəffər Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq isə onu sübut etdi ki, Ali Baş Komandanımız dünyada az rast gəlinən nümunənin – ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir. Müasir qalib ordumuz birmənalı olaraq, möhtərəm İlham Əliyevin müdrik və məqsədyönlü ordu quruculuğunun real təzahürüdür.


Dahi sərkərdəmiz tarixi ədaləti öz gücü və iradəsi ilə bərpa etdi. Bu Vətən müharibəsində Azərbaycan işğalçıya hafizəsində unuda bilməyəcəyi tarixi dərs verdi.


Prezidentimiz İlham Əliyevin uzaqgörən, müdrik siyasətinin bəhrələrini torpaqlarımızın işğaldan azad edilməsi, həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalanması, ölkəmizin beynəlxalq məkanda nüfuzunun artması ilə görürük. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz nəticə etibarilə bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.


Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı!


Prezidentimiz İlham Əliyev yeni əsrin lideri olaraq Azərbaycanımızı daim inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.


Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu, 30 illik həsrət sona çatdı. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi bizə qələbəni gətirdi. Bu isə həqiqətən çox qürurvericidir.


Prezidentimiz İlham Əliyevin dediyi kimi: Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Yəni günümüzün reallığı onu göstərir ki, Prezidentimizlə Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.


Uzun illər bu tarixi danışıb qürur duyacağıq. Bu tarixi qələbəni bizə yaşadan, müjdələyən prezidentimizlə qürur duyuruq! Belə bir liderimiz olduğu üçün çox şanslıyıq. Bütün Azərbaycan xalqı olaraq hər zaman Qarabağımızı geri qaytardığı üçün prezidentimizə, Ali Baş Komandanımıza minnətdar olacağıq. Özünün də çıxışlarında dediyi kimi: 


Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Yaşasın Ali Baş Komandan! 
Yaşasın Rəşadətli Ordumuz! 
Yaşasın Azərbaycan xalqı! 

 

Aysel Quliyeva,


BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsi

Xəbər lenti