Logo

AMEA: Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var

03.05.2021 19:19 1110 baxış
IMG

""Qırmızı kitab"ın III nəşri ilə bağlı redaksiya heyəti yaradılıb".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib. O bildirib ki, bu nəşrlə bağlı iş proqramı hazırlanıb:

 

"Proqramda əsas məqsəd nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin bu siyahıdan çıxarılması və ehtiyac olanların siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək". Vitse-prezidentin sözlərinə görə, artıq ilkin siyahılar hazırdır: "III nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin də sayı artacaq".

 

İ. Hüseynova qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdəki məhv olan bitki, göbələk və heyvanların sayı barədə məlumat demək olar ki, olmayıb: "Yeni nəşrdə həmin ərazilərdəki kitaba salınacaq növlərlə bağlı monitorinqlərə başlayacağıq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb. Qeyd edim ki, Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var". Qeyd edək ki, "Qırmızı Kitab"ın III nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.

Xəbər lenti