Logo

“Qarabağ Azərbaycandır! Müharibədən Qələbəyə"

05.05.2021 22:44 540 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qarabağ Azərbaycandır! Müharibədən Qələbəyə" mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq Qarabağ uğrunda müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səriştəli rəhbərliyi ilə qazanılmış Böyük Qələbənin hər bir azərbaycanlı üçün  qürurverici olduğunu vurğuladı. Şəhidlərimizin və qazilərimizin öz canı və qanı bahasına işğal altında olan torpaqlarımızın mənfur düşməndən təmizlənməsində danılmaz igidliklərdən söz açdı. Konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Təşkilat Komitəsinə təşəkkürlərini bildirdi.


 Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərini, münaqişənin həlli istiqamətində Beynəlxalq təşkilatların 30 ilə yaxın fəaliyyətlərinin heç bir nəticə vermədiyini diqqətə çatdırdı. Bütün Azərbaycan vətəndaşlarının, dünya azərbaycanlılıarının, həmçinin haqq və ədalət tərəfdarı olan dünya dövlətlərinin və millətlərinin mənəvi dəstəyi ilə Azərbaycan Ordusunun Dağlıq Qarabağı və ətraf rayonları 44 gün ərzində işğaldan azad etməsinin mümkünlüyünü Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirdi.


 Açılış nitqlərindən sonra ADPU-nun professoru Oqtay Sultanov “Ərazi bütövlüyümüzün təmin olunmasında diplomatiyanın rolu", İsveçin UMEA Universitetinin dosenti Səadət Kərimi “İsveçdə Azərbaycan ziyalılarının Qarabağ uğrunda informasiya cəbhəsində apardığı savaş”, Türkiyənin EGE Universitetinin professoru Dr. Aydın İbrahimov “Erməni cəmiyyətinin xüsusiyyətləri”, Avstraliyanın Makkuori Universitetinin professoru Dr. Əli Əkbər Rəsuli "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının xəritələşdirilməsində peyk təsvirlərinin qabaqcıl emalı prosedurlarının tətbiqi”, ADPU-nun dosenti Yasin Qaraməmmədli "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konfliktoloji baxımdan" mövzularında məruzələrlə çıxış etdilər.


 Konfrans maraqlı müzakirələrlə yekunlaşdı.

Xəbər lenti