Türkün vətənə, torpağa bağlılığı külli aləmə bəllidir. Bu qədim xalqın şücaəti, mərdi-mərdanəliyinə isə söz ola bilməz! Bu xalq onu hər zaman təhlükədən qoruyan dağ kimi vüqarlıdır, başı ucadır. Yağı düşmən önünə də dağ kimi sıralanıb birlikdə çıxar. Düşmənə göz dağı, ürək dağı, yeri gələrsə söz dağı olar!
Birlik varsa, dirilik də var…
Oğuz türkü hər zaman “birisi minə bağlıdır, mini də birə” kəlməsi ilə yola çıxıb. Təkcə “Kitabi Dədə Qorqud” dastanı çəkdiyim misala sübutdur. Düşmən qarşısında el-obanın birliyi, xalqın kiçikdən böyüyə qədər həmrəyliyi isə qələbənin, işıqlı sabahın təminatını istiqamətləndirən ən əsas şərtdir. “Kitabi – Dədə Qorqud”a qədər türklərin bir çox əzəmətli dastanları olmuşdur. Türk tarixində ən böyük dastan isə 27 sentyabr 2020-ci il tarixində yazıldı desəm, yanılmaram. Bu tək bir düşmən üzərində qazanılan qələbə deyildi, bu həm də bütün dünya üçün təhlükəli, hədsiz hiyləgər, terrorçu xislətli bir rejim üzərində qazanılan zəfərdir. Bu qalibiyyətin düsturunu açdıqda isə Ali Baş Komandanımızın və xalqın birliyini görmüş oluruq.
Araba qoş, çarxa dur, mərd igidə arxa dur…
İki həftədən çox bir zaman kəsiyində apardığımız haqq mübarizəsində və müharibəsində mənfur düşmənə qarşı ön cəbhə ilə birlikdə arxa cəbhə də “vuruşdu”. Qeyrətli xalq sərhəddəki əsgərini həm mənəvi, həm maddi, həm də könüllü xidmətə yazılaraq fiziki müdafiə etdi, düşmənə qarşı döyüşdü.
Qoç igid qurddan çəkinməz…
Biləyinin gücünü Tanrıdan alan, ayaqlarına təpəri torpaqdan çəkən Oğuz türkünün hələ missiyası, zəfərli günləri qarşıdadır. Əcdadları – Atilla, Çingizxan, Babək, Cavanşir olan bu ulu xalqın heç zaman qolu bükülməyəcək, gücü tükənməyəcək.
Vətən uğrunda döyüşlərdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza, həmçinin Murov yüksəkliyinə sancılan şanlı üçrəngli bayrağımız Şuşa qalasında da dalğalanacaq. Çünki bu xalq ən yüksək məqama, ən uca zirvələrə layiqdir. Heç bir qüvvə bu xalqın zirvələrdə dalğalanan uca bayrağını endirə bilməz. Heç bir məkrli qüvvə bu xalqı ruhdan sala bilməz. Türkün ruhu sarsılmazdır! Çünki bu xalqın ruhunu uca tutan bütün şəhidlərimizin müqəddəs ruhudur. YAŞA AZƏRBAYCAN!
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi