Logo

Döyüş meydanında vətənpərvərlik dərsi keçən müəllim…

06.05.2021 10:11 250 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Qafqazinfo"nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsində iştirak etmiş növbəti müəllim Müşviq Məmmədovun bioqrafiyasını təqdim edirik:

 

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Müşviq Lətif oğlu Məmmədov 1978-ci il iyun ayının 6-da anadan olub.

 

M.Məmmədov 1995-ci ildə Beyləqan rayon Şəfəq qəsəbə tam orta məktəbini bitirib.

 

Uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan M.Məmmədov 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Taktiki Motoatıcı Qoşunları Komandiri ixtisası üzrə təhsil alıb.

 

1999-cu ildə leytenant, 2001-ci ildə baş leytenant, 2004-cü ildə kapitan, 2012-ci ildə mayor rütbəsinə layiq görülüb. Hərbi xidmətdə olduğu dövrdə səmərəli fəaliyyətinə görə bir neçə dəfə təltif edilib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və bir çox fəxri fərmanlarla təltif olunub.

 

2018-ci ildən paytaxtdakı 184 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

 

İki övlad atası olan M.Məmmədov Vətən Müharibəsi başlayan kimi könüllü cəbhəyə yollanıb. Vətən Müharibəsində Qubadlı, Füzuli, Suqovuşan istiqamətlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib. M.Məmmədov xidmətlərinə görə ''Vətən Naminə'' medalına, “Vətən Müharibəsində iştirakına” və “Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə” fəxri fərmanlarına layiq görülüb.

 

Hər bir həqiqi vətənpərvər insan hansı amal üçün hara getdiyini yaxşı bilir, deyən M.Məmmədov Vətən Müharibəsində iştirakının onun yaddaşında hər zaman unudulmaz və böyük fəxarət hissi ilə qalacağını və bunu şagirdlərinə sevə-sevə danışacağını bildirir.

 

 

 

 

Xəbər lenti