Logo

BDU-da Əbülfəz Rəcəblinin 85 illik yubileyi qeyd olunub

06.05.2021 11:18 535 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının təşkilatçılığı ilə tanınmış dilçi alim professor Əbülfəz Rəcəblinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Professor Əbülfəz Rəcəbli: Türkoloji dilçilikdən ümumi dilçiliyə” mövzusunda elmi seminar keçirilib.

 

Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərovun moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov professor Ə.Rəcəblinin Azərbaycan elminə və təhsilinə verdiyi dəyərli töhfələrdən danışıb, BDU-da “Ümumi dilçilik və türkologiya” akademik məktəbinin əsas istiqamətlərinin - ümumi dilçilik, dilçilik tarixi, türkologiya və Azərbaycan dilçiliyinin nəzəri məsələlərinin öyrənilməsində və bu elmi-pedaqoji məktəbin ənənələrinin uğurla davam etdirilməsində alimin xidmətlərini yüksək qiymətləndirib.

 

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov Əbülfəz Rəcəblinin çoxşaxəli elmi yaradıcılığından, Azərbaycanda türkoloji və ümumi dilçiliyin inkişafı istiqamətində gördüyü mühüm işlərdən, yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolundan, müəllim və alim kimi bənzərsiz şəxsi keyifyyətlərindən söz açıb.

 

Sonra söz məruzəçilərə verilib. Gəncə Dövlət Universitetinin professoru Yadigar Əliyev “Əbülfəz Rəcəblinin dil tədqiqatlarında qədim türk yazılı abidələri”, BDU-nun Ümumi dilçilik kafedrasının müəllimləri - Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov “Türkoloji dilçiliyin inkişafında Əbülfəz Rəcəblinin rolu”, Qismət Cəfərov isə “Professor Ə.Rəcəbli və ümumi dilçilik məsələləri” adlı məruzələrlə çıxış ediblər.

 

BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev, Təbiət fakültələri üzrə ingilis dili kafedrasının müdiri professor Abbas Abbasov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, Ümumi dilçilik kafedrasının əməkdaşları - dosent Cavanşir Muradov, dosent Məhəmməd Məmmədov, Firuz Mehdiyev və Lətafət Məmmədova Ə.Rəcəblinin keşməkeşli ömür yolundan, zəngin elmi yaradıcılığından, şəxsi keyfiyyətlərindən, öz tələbələrinə, doktorant və dissertantlarına göstərdiyi diqqət və qayğıdan danışıb, dilçi alimlə bağlı xatirələrini bölüşüblər.

 

Sonda söz yubilyara verilib. Professor Əbülfəz Rəcəbli onun uzunmüddətli səmərəli fəaliyyətinə verilən belə yüksək dəyərə görə fakültə rəhbərliyinə, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib, bu cür tədbirlərin keçirilməsinin gənclər üçün mühüm əhəmiyyət daşıdığını və bundan sonra da yeni alimlər nəslinin yetişməsinə öz töhfələrini verəcəyini diqqətə çatdırıb.

Xəbər lenti