Logo

ATUREK-8 konfransının qalibləri mükafatlandırılıb

06.05.2021 15:50 540 baxış
IMG

Azərbaycan Tibb Universitetində Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının (ATUREK-8) qalibləri ilə görüş keçirilib. ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri Nailə Sultanova konfransın nəticələrinə görə ilk 3 yeri tutan gənc mütəxəssisləri təbrik edib.

 

Professor N.Sultanova Azərbaycanda yüksək ixtisaslı tibbi kadr hazırlığında rezidentura təhsilinin müstəsna əhəmiyyət daşıdığını qeyd edərək ATU-da 2011-ci ildən bu təhsil pilləsinə start verildiyini xatırladıb. İndiyədək respublika üzrə 1500-ə yaxın rezidentin məzun olduğunu qeyd edən  professor Nailə Sultanova gənc həkimlərin hərtərəfli formalaşmaları üçün elmi praktik konfransların  xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Nailə Sultanova ATUREK-8-in qalibləri olan rezidentləri təbrik edərək onlara hər sınaqdan uğurla çıxmağı arzulayıb.

 

Sonra ATUREK-8 konfransının qaliblərinə  diplom və pul mükafatları təqdim olunub. 1-ci yerə ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostika kafedrasının rezidenti Humay Rzayeva “Postpartum ovarian vena trombozunun radioloji dəyərləndirilməsi” mövzusuna görə, 2-ci yerə  Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I ümumi cərrahiyyə kafedrasının rezidenti  Vəli Əliyev “Süd vəzi əməliyyatlarında müxtəlif metodikalarin müqayisəsi” mövzusuna görə, 3-cü yerə isə ATU Stomatologiya Klinikası, ortopedik stomatologiya kafedrasından Gülnur Rüstəmova  “Süd dişlərinin əhəmiyyəti” mövzusuna görə layiq görülüb.

 

Görüşdə ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini Gülay Məmmədzadə də iştirak edib.  

 

Qeyd edək ki, Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşılması və müzakirə edilməsindən ibarət olub. Ötən ilin sonunda keçirilən ATUREK-8 konfransına 120-dən çox elmi iş təqdim olunub.

Xəbər lenti