Logo

"Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda dəyirmi masa

06.05.2021 16:34 686 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda onlayn dəyirmi masa keçirilib.

 

Moderator, BDU-nun Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev tədbirin əhəmiyyətindən, ölkəmizdə gənclər siyasəti haqqında məlumat verib.

 

Tədbiri giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə gənclər siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1993-cü ildə Ümummilli Lider gənclərlə ilk görüşünü keçirmiş, onların problemləri ilə yaxından maraqlanmış və gənc nəslə müstəqil Azərbaycanda veriləcək böyük diqqətin ilk əlamətlərini nümayiş etdirmişdir. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Azərbaycan gənclərinin Birinci Forumu ölkəmizdə gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. Müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" Fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi ölkə gənclərinə göstərilən xüsusi qayğının təzahürü idi.

 

Ə.Ağamirzəyev qeyd etmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti həm mahiyyət, həm də keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

 

Daha sonra Milli Məclisin üzvləri Ramin Məmmədov, Elnur Allahverdiyev, “İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə,  BDU-nun Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyevin çıxış etmişdir. Çıxışlarda bildirilmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.

Xəbər lenti