Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Azərbaycan zərgərlər assosiasiyası” arasında anlaşma memorandumu imzalanıb

07.05.2021 10:44 238 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Agentlikdən bildirilib ki, memorandumun imzalanmasında məqsəd peşə təhsili səviyyəsi çərçivəsində ölkənin zərgərlik bazarında zərgər ustalara olan kadr ehtiyacının qismən və ya tam ödənilməsi, ölkədə məşğulluğun və özünəməşğulluğun artırılmasıdır. Eyni zamanda Azərbaycan zərgərlik adət-ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

Yeni əməkdaşlıq müasir avadanlıqlarla çalışa bilən innovativ zərgər ustaların hazırlanması, tədris olunan proqramların və resursların təkmilləşdirilməsi və tələbələr üçün təcrübə proqramlarının təşkilinə dəstək verəcəkdir.

Anlaşma memorandumu çərçivəsində razılaşdırılan əməkdaşlıq istiqamətlərindən biri də peşəyönümü işinin həyata keçirilməsinə dəstək kimi peşə təhsilinin zərgərlik sənayesi üzrə təşviq edilməsi üçün birgə işlərin görülməsidir. Bununla bağlı olaraq, tələbələrin Azərbaycanda zərgərlik məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin və sahibkarların istehsal bazasında təlim və təcrübə keçməsi nəzərdə tutulur. Müvafiq peşə sahəsində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində Azərbaycanda fəaliyyət göstərən sahə mütəxəssislərinin iştirakı təmin ediləcək. Memoranduma əsasən tərəflər müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planı və proqramların birgə hazırlanması və innovativ peşə təhsili metodlarının tətbiqi ilə əlaqədar birgə fəaliyyət peşə təhsilinin nüfuzunun yüksəldilməsi və tələbələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinə də vasitəçilik edəcək. Birgə əməkdaşlıq nəticəsində Azərbaycanda zərgərlik məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkili peşəkar kadr ehtiyacının ödənilməsinə şərait yaradacaq.

 

Xəbər lenti