Logo

Azərbaycanda "Rektorlar Konfransının Yaradılması” adlı layihənin icrasına başlanılıb

07.05.2021 12:43 373 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tərəfdaş olduğu və Bakı Biznes Universitetinin (BBU)  koordinatorluğu ilə həyata  keçirilən "Azərbaycanda Rektorlar Konfransının Yaradılması” adlı layihənin icrasına başlanılmışdır.

 

Layihə Avropa Komissiyasının "Erasmus+” proqramı çərçivəsində elan olunmuş qrant müsabiqəsində qalib elan olunub. Layihənin əsas məqsədi ölkəmizdə ali təhsilin inkişafı və Avropa təhsil sisteminə inteqrasiyanı daha da dərinləşdirməkdir. Bunun üçün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsissələrinin rektorlarından ibarət bir ictimai qurumun yaradılmasını nəzərdə tutur.


ADPU-nun da tərəfdaş kimi qoşulduğu layihənin icrasının başlaması münasibətilə onlayn açılış mərasimi keçirilib. Tədbiri açan layihənin koordinatoru Gülşən Bayramova layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. 
Daha sonra BBU-nun rektoru, professor İbad Abbasov məruzə edib. O çıxışı zamanı universitet rektorlarının iştirakı ilə təsis ediləcək "Rektorlar Konfransı”nın yaradılmasının ali təhsilin problemlərinin həllinə yardım göstərəcəyini vurğulayıb. Bildirilib ki, təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid problemlərin müəyyənləşdirilməsinə və onların həllinə töhfə verəcək, təcrübə mübadiləsinə, uğurlu nəticələrin bölüşdürülməsinə və paylaşılmasına imkan yaradacaq.


Tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək deyib ki, hazırda ali təhsilin qarşısında duran əsas vəzifələrdən biri də istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksək ixtisaslı, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Belə mütəxəssislərin hazırlanması isə ali təhsil sahəsində vahid təhsil məkanının yaradılmasını tələb edir. Nazir müavini bunun üçün ayrı-ayrı ölkələrin ali təhsil sisteminin bir-birinə yaxınlaşdırılması və uzlaşdırılmasının vacib olduğunu bildirib. O, çıxışında informasiya texnologiyalarından istifadənin vəziyyəti və beynəlxalq informasiya məkanına çıxış imkanları ilə bağlı vəziyyətə də toxunub.


Açılış mərasimində ADPU-nu rektor, professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov təmsil ediblər.


Onu da qeyd edək ki, layihə üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində zəngin tədbirlər planının həyata keçirilməsi və ciddi nəticələrin əldə edilməsi nəzərdə tutulub.

Xəbər lenti