Logo

Azərbaycan İlahiyyat İnstitutunun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

12.10.2020 15:34 437 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də islam dünyasında tanınmış ali təhsil müəssisələrinin və ali dini təhsil ocaqlarının rəhbərlərinə Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı Müraciət ünvanlayıb.

         Müraciətdə deyilir:

         “Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilərin doğma yurdumuza növbəti təcavüzündən, təxminən 30 il ötür. Torpaqlarımıza ilk hücumlar 1980-ci illərin sonlarından başlamış və 1994-cü ilədək olan dövr ərzində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon erməni qoşunları tərəfindən işğal olunmuş, nəticədə, 1 milyondan çox azərbaycanlı öz doğma yurd yerlərindən didərgin düşmüşdür. Həmin ilin may ayında imzalanmış Bişkek protokoluna əsasən atəşkəs elan edilmiş və bölgədə hərbi əməliyyatlar dayandırılmışdır. Atəşkəsin elan edilməsinə baxmayaraq,  ötən illər ərzində Azərbaycan Ordusu və mülki əhalisi mütəmadi olaraq erməni təcavüzünə məruz qalmış, bir çox hallarda bu hücumlar daha şiddətli xarakter almışdır. Bu illər ərzində minlərlə Azərbaycan əsgəri və dinc əhali erməni təxribatının qurbanı olmuşdur.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonları qeyd-şərtsiz tərk etməsi barədə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri isə hələ də icra edilməmişdir.

Ötən illər ərzində beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın həyata keçirdiyi sülhməramlı və diplomatik fəaliyyət nəticəsində ilkin mərhələdə 5, daha sonra 2 rayonun işğaldan azad edilməsi, daha sonra Azərbaycanın tərkibində olmaqla, Dağlıq Qarabağda əvvəllər olduğu kimi, azərbaycanlıların ermənilərlə birlikdə yaşamalarını təmin etmək münaqişənin ən münasib həll yolu kimi nəzərdə tutulurdu. Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır”, “Azərbaycan Qarabağla danışıqlar aparmalıdır”, “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmayacaq” kimi bəyanatları, son aylarda Azərbaycana qarşı müxtəlif hücum əməliyyatlarını həyata keçirməsi, təxribatlar törətməsi Ermənistanın sülh tərəfdarı olmadığını göstərdi və müharibənin yenidən alovlanmasına rəvac verdi.

27 sentyabr 2020-ci il tarixdə  Azərbaycan Ordusu erməni təxribatına qarşı bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınan və mövcud xəritələrdə Azərbaycan ərazisi kimi qeyd edilən torpaqlarda aparılır. Öz ərazisində düşmənə qarşı vuruşan Azərbaycan əsgərlərinin yalnız hərbi obyektləri və hərbi infrastrukturu hədəf almasına baxmayaraq, erməni ordusu 1949-cu il Cenevrə konvensiyasına zidd olaraq, Ermənistan sərhədindən kilometrlərlə uzaqda yerləşən Azərbaycan şəhərlərini, yaşayış üçün mühüm əhəmiyyət kəsb edən sənaye obyektlərini, xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, yaşayış evlərini və dinc əhalini atəşə tutur. Hücumlar nəticəsində onlarca mülki vətəndaş həlak olmuş, yüzlərlə insan yaralanmış və mülki infrastruktura ciddi ziyan dəymişdir. Belə ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, regionun ən böyük su-elektrik stansiyası olan Mingəçevir su anbarı və beynəlxalq əhəmiyyətli Bakı–Tiflis–Ceyhan boru kəməri erməni qoşunları tərəfindən hüquq normalarına zidd olan, qadağan edilmiş silahlarla atəşə məruz qalmışdır. Bu isə Ermənistanın regionun və Avropanın enerji təhlükəsizliyinə böyük təhdid olduğunu bir daha göstərir.

Ermənistandan fərqli olaraq Azərbaycan tolerant, multikultural və multietnik dövlətdir. Azərbaycanda insanlar dini və ya etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmırlar. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin birlikdə, sülh şəraitində yaşadıqları və dövlətin qayğısı ilə əhatə olunduqları Azərbaycan tərəfindən keçən 30 il ərzində səbirli davranış, beynəlxalq arenada məsələnin sülh və danışıqlar yolu ilə həll olunmasına tərəfdaşlıq nümayiş etdirilmişdir. Ötən illər ərzində Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi,  beynəlxalq təşkilatların işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsi, vasitəçilərin səmərəsiz fəaliyyəti Azərbaycanı düşmənlə eyni dildə danışmağa vadar etmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsi və qaçqın düşmüş 1 milyon insanın  öz doğma yurd yerlərinə geri qaytarılmasını tələb edir və bunun üçün öz haqq mübarizəsini davam etdirir. Sizdən xahişim rəhbərlik etdiyiniz kollektivi və ölkənizin ictimaiyyətini Azərbaycanın bu haqq mübarizəsi ilə tanış etməyinizdir.”

Xəbər lenti