Logo

BDU-da konfrans: Azərbaycan Respublikasında kitabxana-informasiya fəaliyyətinin inkişaf meyilləri

08.05.2021 11:18 439 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və BDU-nun Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya fəaliyyətinin inkişaf meyilləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Universitetdən  bildirilib ki, konfransın plenar iclasını giriş sözü ilə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açaraq ulu öndər Heydər Əliyevin kitabxana-informasiya fəaliyyətinin inkişafındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunan sahələrdən biri də kitabxana-informasiya fəaliyyətidir. Ümummilli Lider hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi illərdə kitabxana işinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb.

Ə.Ağamirzəyev vurğulayıb ki, müstəqillik illərində ölkə həyatının bütün sahələri kimi kitabxana-informasiya fəaliyyəti də məhz Ulu Öndərin məqsədyönlü, ardıcıl siyasəti nəticəsində böhrandan xilas oldu, yeni inkişaf və tərəqqi dövrünə qədəm qoydu, bu sahənin hüquqi bazası yaradıldı. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıb.

Prorektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin qurucusu kimi”, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyevin irsində müdrik kəlamlar”, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan elmi”, Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Elm və sənəd idarəçiliyi fakültəsinin dekanı, professor Hasan Keseroğlu “Azərbaycan kültürünü Heydər Əliyev Mərkəzi ilə oxumaq”, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Azərbaycanda mütaliə mədəniyyətinin inkişafında Bakı Kitab Mərkəzinin rolu”, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibi Samir Abbasov “Ümummilli lider Heydər Əliyev Azərbaycan və Özbəkistan arasında dostluq və müttəfiqliyin banisi kimi” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Məruzələrdə kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib, mövzularla bağlı geniş diskussiya aparılıb.

Xəbər lenti