Logo

Azərbaycan İlahiyyat İnstitutu COVİD-19 dönəmində - SORĞU

09.05.2021 14:15 820 baxış
IMG

""Tehsil.biz" xəbər portalı pandemiya dövründə Azərbaycan universitetlərində tədrisin gedişi ilə bağlı "Sorğu" layihəsi keçirir.

Bu dəfəki sorğumuz
Azərbaycan İlahiyyat İnstitutu ilə bağlıdır.


***

- Pandemiya dövründə tədrisin təşkili ilə bağlı ümumi məlumat...


Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq (3 mart 2020-ci il), Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 19 mart 2020-ci il tarixdə videodərslərə start verilib.


Aİİ-də təhsil alan tələbələrin dərs prosesindən kənar qalmaması məqsədilə İnstitut müəllimləri ilə videodərslər hazırlanıb, ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində, “youtube” kanalında yerləşdirilib. Dərslər bütün kursları əhatə edib.


Aİİ-də 1 aprel 2020-ci il tarixdən distant təhsilə start verilib. Dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” platforması üzərindən keçirilib.


Aİİ-də 2020-2021-ci tədris ili 15 sentyabr 2020-ci il tarixdə bakalavriat və magistratura səviyyələrinin II və yuxarı kurs tələbələri üçün distant formada başlayıb.


Ali məktəbdə 2020/2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələrində yaz semestri üzrə onlayn dərslərə 15 fevral 2021-ci il tarixdən start verilib. Hal-hazırda dərslər Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” proqramı vasitəsilə keçirilir.

 

- Hazırda Aİİ-də təhsil alan tələbələrin sayı nə qədərdir?


Azərbaycan İlahiyyat İnstitutunda ümumi təhsilalanların sayı 209 nəfərdir. Bakalavriat səviyyəsi üzrə 200, magistratura səviyyəsi üzrə 6, doktorantura səviyyəsi üzrə isə 3 tələbə təhsil alır. Qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəsində 8 əcnəbi tələbə təhsilini davam etdirir.


- Təhsil alan tələbələrin hər biri distant təhsildən yararlana bilirmi?


- Təhsil alan tələbələrimizin hər biri distant təhsildən yararlana bilir.


- Pandemiya dövründə tələbələr üçün edilən güzəştlər…


2019/2020-ci tədris ilinin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və yay imtahan sessiyasının təşkili aşağıdakı qaydada keçirilib:


Yay imtahan sessiyası onlayn formada, əsasən şifahi şəkildə keçirilib. Cari ilin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris əsnasında əldə etdikləri nəticələr əsasında qiymətləndirilib və onların dərslərdəki aktivliyi nəzərə alınıb. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında topladıqları balların 2-yə vurulması ilə həyata keçirilib.


Bakalavriat səviyyəsi üzrə II tədris ilində təhsil alan tələbələr kurs işi yazmaq tələbindən azad ediliblər. Buraxılış kurslarının tələbələri də təcrübə və buraxılış işi yazmaq tələbindən azad edilib, onların təcrübə işlərinin qiymətləndirilməsi və yekun attestasiya nəticələri təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılıb. Akademik borcu ikidən çox olmayan buraxılış kurslarının tələbələrinə fənni dinləmədən imtahan vermək üçün şərait yaradılıb.


Magistr dissertasiyalarını müdafiə etməyə hazırlaşan magistrantlar məqalə nəşr etdirmək tələbindən azad ediliblər. Magistr dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış Şurada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada təşkil edilib.


2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və qış imtahan sessiyasının təşkili aşağıdakı qaydada aparılıb:


Cari ilin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris prosesində əldə etdikləri nəticələr əsasında qiymətləndiriliblər. Dərsə davamiyyətindən asılı olmayaraq, bütün tələbələr imtahanlara buraxılıblar.


İmtahanlar onlayn  formada, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilib.


İmtahan sualları yalnız tədris olunan mövzular əsasında tərtib edilib.


Qeyri-ixtisas fənləri (“Mülki müdafiə”, “İnformatika və kompüter texnologiyası” və “Multikulturalizmə giriş”) üzrə imtahanlar ləğv olunaraq, həmin fənlər üzrə tələbələrin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında hesablanıb.


İmtahanlara giriş balı bütün tələbələr üçün minimum 26 bal müəyyənləşdirilib və imtahanlardan 17 bal toplamaq şərti ləğv edilib.


Payız semestri ərzində Aİİ-də tələb olunan sərbəst işlərin sayı 10-dan 3-ə endirilib. Cari semestr müddətində əlavə dərslər keçirilərək, sillabuslara uyğun bütün mövzular tam mənimsənilib və imtahanqabağı məsləhət saatlarının sayı artırılıb.


Cəbhə bölgəsində yaşayan, internet problemi olan, o cümlədən qış imtahan sessiyası zamanı koronavirus infeksiyasına (COVID-19) yoluxmuş tələbələrin imtahan prosesində bu amillərin nəzərə alınması tövsiyə edilib.


- Müəllimlərin iştirakı necə idi, keyfiyyətli tədris təşkil edildimi?


Tələbələr Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri tərəfindən bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris olunan fənlərin dərslikləri, proqramları və sillabusları ilə tam təmin olunublar. Dərslər ali təhsil müəssisəinin müəllimləri tərəfindən sillabuslara uyğun yüksək səviyyədə  keçirilib, tələbələrin biliyinin qiymətləndirməsi zamanı qeyri-obyektivliyə yol verilməyib. Müəllimlər tərəfindən əlavə dərs saatları ayrılıb və tələbələrlə dərsdənkənar məşqul olublar. Həmçinin, Aİİ-də pandemiya dövründə əlavə olaraq İnstitutun tələbələri üçün ödənişsiz ingilis dili və ərəb dili kursları fəaliyyətə başlayıb, hal-hazırda bu kurslar da fəaliyyət göstərir.

 

Sorğuda iştirak etdiyi üçün 
Azərbaycan İlahiyyat İnstitutuna təşəkkür edirik!

Xəbər lenti