Logo

Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...

09.05.2021 16:53 676 baxış
IMG

Alman faşizmi üzərində tarixi qələbənin 76-cı ildönümü günündə onları yad etmək, anmaq hər birimizin borcudur.

 

Nəslimizin ağsaqqalı, hamımızın "böyük əmi" çağırdığı əmim Qurbanəli Cəfərov Böyük Vətən müharibəsi veteranı idi. Sağlığında barəsində çox yazmışam. Bu gün də yazmaq istəyirəm.

 

1924-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olmuş əmim 1942-ci ilin noyabr ayında hərbi xidmətə çağrılıb. Hərbi kursda oxuyub və serjant rütbəsi alıb. 1943-cü ildən bölük kömandiri kimi aktiv döyüşlərə qatılıb. Stalinqrad və Orlov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Qospitalda müalicə aldıqdan sonra Dnepr çayı uğrunda gedən döyüşlərdə yaralansa da intensiv döyüşlərdə iştirak etməklə alman faşistlərindən intiqamını almaqda davam edib.

 

Qurbanəli əmim 1943-1944-cü illərdə 1-ci Belorusiya cəbhəsində böyük sənaye şəhəri olan Qomel alınmasında fəal iştirak edib. Buna görə İ.Stalindən şəxsən təşəkkür də alıb.

 

Əmimin öz xətti ilə qələmə aldığı tərcümeyi-halında bu barədə özü yazıb. Böyük Vətən Müharibəsində göstərdiyi igidliyə görə layiq görüldüyu coxsaylı döyüş medalları və təltiflərı arasında "Qırmızı Ulduz" ordeni ən qürurverici təltif idi. Müharibədən sonra müxtəlif təşkilatlarda mühasib kimi çalışan Qurbanəli Cəfərov Qomel şəhərinin fəxri vətəndaşı idi. Əmim oğlu Cavanşir Cəfərov danışır ki, Qurbanəli əmim qələbənin 50 illiyində Qomel şəhərində keçirilən yubiley tədbirlərinə dəvət alsa da səhhətinə görə gedə bilməyib. Əmim 2006-cı ildə dünyasını dəyişib. Cavanşir söylədi ki, əmimdən sonra Qomel şəhərindən ona da dəvət gəlmişdi. Amma müəyyən səbəblərdən o da gedə bilməyib Belarusa.

 

Əmim cəbhədə faşistlərlə vuruşaraq addım-addım Qələbəyə irəlilədikcə, özündən 3 yaş kiçik qardaşı Kamil, mənim atam, arxa cəbhədə Qələbə üçün taxıl tədarükü ilə məşğul olub.

 

Mənə və qardaşlarım Oqtayla Yaşara, bacılarım Gültəkinlə Kəmaləyə ali təhsil vermiş işgüzar atam uşaqlıqdan zəhmətkeş olub. Bizə danışırdı ki,1941-ci ildə müharibə başlayanda 14 yaşı vardı. İşçi qüvvəsi çatışmadığından kolxozda böyüklərlə birgə bütün kənd təsərrüfatı işlərində çalışıb. Ölkədə taxıla ciddi ehtiyac vardı. Atam danışırdı ki, yeri öküzlərə qoşulmuş cütlə əkirdilər, indiki müasir texnikaların heç biri onda yox idi. Bu xidmətlərinə görə görə atam Kamil Kamal oğlu Alxasov 1946-cı ildə "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilib.

 

Dünyasını dəyişən günədək filologiya elmləri namizədi kimi kənddə yaşayan, kənd məktəbində çalışan atamız Kamil müəllim ömrünün son gününəfək həyətdə camış saxlayıb, ziyalı olsa da təsərrüfatı çox yaxşı bilirdi. İşgüzar və savadlı atamızdan bizə onun gözəl əməlləri, nəsihətləri və işgüzarlığı miras qalıb.

 

9 May həm də atamın ad günü idi. Bu gün unudulmaz atamın və Böyük Vətən müharibəsinin fəal iştirakçısı böyük əmim Qurbanəli Cəfərovun əziz xatirələrini bir daha anmaqla "Ruhları şad olsun!" - deyirəm.

 

Yaxşı ki, xalqımızın belə igid, əzmkar və dözümlü kişiləri olub. Onların sayı yüzlərlə, minlərlə olub. Bax indi Qarabağda Ali Baş komandan hörmətli İlham Əliyevin rəhbərliyi ilə qazandığımız misilsiz Zəfərdə 1941-1945-ci illərdə ön və arxa cəbhələrdə vuruşmuş azərbaycanlı kişilərin də payı var. Onların da ruhu şaddır. Çünki bu Zəfəri xalqımıza o kişilərin nəvələri və nəticələri yaşatdırar.

 

Aytəkin Alxaslı (Modern.az)

 

 

 

 

 

 

Xəbər lenti