Logo

Rektor Aqil Şirinovun Ramazan bayramı münasibətilə təbriki

13.05.2021 10:51 597 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun Ramazan bayramı münasibətilə təbriki: 

 

"Əziz dostlar, həmkarlar və tələbələr

 

Hər birinizi Mübarək Ramazan Bayramı münasibətilə təbrik edirəm!

 

Oruc insana bir çox müsbət keyfiyyətləri təlqin edən bir ibadətdir. Orucun mənəvi təmizlik və Allahın razılığını əldə etmə vasitəsi kimi qəbul edilməsi zərdüştilik və siqhizm kimi dinlər istisna olmaqla, demək olar ki, bütün dinlərdə mövcud olan bir ənənədir. Hicrətin 2-ci ilinin Şaban ayında (miladi 624-cü il) müsəlmanlara vacib buyurulan Ramazan orucu sözügedən tarixdən etibarən müsəlmanların tətbiq etdikləri ən mühüm ibadətlərdən birinə çevrilmiş, təkcə fərdi bir ibadət kimi qalmamış, eyni zamanda müsəlman cəmiyyətlərinin ictimai strukturunda da mühüm yerə malik olmuşdur. Bu baxımdan Ramazan ayı İslam dünyasında dini-mənəvi duyğuların, islami və ictimai şüurun ən yüksək olduğu aydır. Bu ay cəmiyyətin fərdləri arasındakı əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malikdir.

 

Bu il Ramazan ayını ikiqat sevinclə keçirdik. Sevincimizin səbəbi isə 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın Ali Baş Komandanın əzmkarlığı və ordumuzun şücaəti ilə işğaldan azad olunmasıdır. Əminəm ki, bu mübarək bayram günündə bizə sevinci yaşadan şəhidlərimizin ailələrini və qazilərimizi unutmayacağıq.

 

Ramazan bayramı qardaşlıq, həmrəylik və sevgi şüurunu gücləndirir, insanları mərhəmətə və yardımlaşmaya sövq edir.  Bu bayramda hər birinizə mənəvi saflıq və xoşbəxtlik arzulayıram.

 

Ramazan Bayramınız mübarək!"

Xəbər lenti