Logo

ADPU -da virtual sorğunun təqdimatı keçirilib

23.09.2020 17:37 617 baxış
IMG

Mektebgushesi.az internet portalının ali təhsil ocaqları arasında reallaşdırdığı virtual sorğunun Azərbaycan Dövlət Pedaqoji Universitetində təqdimatı keçirilib.

“Tədrisin keyfiyyəti, maddi-texniki bazası və gələcəkdə işlə daha yaxşı təmin olunmaq üçün hansı universiteti seçərdiniz?” nominasiyalı virtual sorğusunun qalibi 2419 səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti olub.

Təqdimatda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev İctimai Şuranın sədri, professor, əməkdar elm xadimi Şahlar Əsgərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov, Şuranın məsul katibi İlqar Orucov, Mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, iştirak edirdi.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor, əməkdar elm xadimi Şahlar Əsgərov plaketi universitetin rektoruna təqdim etdi və qeyd etdi ki, keçirilən sorğuda Azərbaycan Dövlət Pedaqoji Universitetinin qalib gəlməsini universitetin öz kontingentinin fəallığı ilə bərabər, son zamanlar müəllim peşəsinə yaranan rəğbət hissindən də irəli gəlir: “Müəllim peşəsinin nüfuzunun yüksəlməsi isə sevindirici haldır. Hətta bu aspektdən yanaşıb DİM-in ən yüksək bal toplayan abituriyentləri məhz müəllimliyə yönəltməsini arzulayırıq. Çünki, hamımızı onlar yetişdirir”.

Rektor Cəfər Cəfərov sorğunun nəticələrinin ürəkaçan olduğunu, müəllimlik sənətinin illər keçdikcə məcburiyyət deyil, istək olaraq daha çox tələb olunduğunu bildirdi. Qeyd etdi ki, istər ADPU-ya yüksək balla qəbul olunan abituriyentlər, istər ADPU-nu bitirib magistr dərəcəsinə yüksələn bakalavrlar, istərsə də MIQ imtahanından uğurla keçən namizədlər ötən illərlə müqayisədə olduqca çoxdur. Bu isə universitetin gün keçdikcə inkişaf etdiyinin göstəricisidir. Təhsil üzrə ekspert Nadir İsrafilov çıxışı zamanı ADPU-nun məzunu olduğunu və universitetin bütün uğurlarına kollektivlə bərabər sevindiyini bildirdi.

 

Təhsil Nazirliyi yanında İçtimai Şuranın məsul katibi, gənc alim İlqar Orucov ADPU -nu özünün məzun olduğu illərlə müqayisə edərək bildirdi ki, universitetdə gedən islahatları yaxından izləyir və uğurlarına sevinir. Bu gün keçirilən təqdimat da onu göstərir ki, müəllim peşəsinə artan rəğbət bugünkü rəhbərliyin idarəetmədəki uğuru hesabına mümkün olmuşdur.

Mektebgushesi.az saytının rəhbəri Məzahir Məmmədli sorğunun tam şəffaf keçirildiyini, buna xüsusi nəzarət olunduğunu bildirdi: “Mektebgushesi.az-ın kollektivi olaraq sorğunun obyektivliyini tam təmin edə bildik. Belə ki, qaydalarımıza tam uyğun şəkildə – bir İP-dən yalnız bir dəfə səs verməyin mümkünlüyünü təmin etdik. Eyni zamanda sorğunun gedişatına daimi nəzarət edərək gündəlik baş verənləri öz aramızda təhlil etdik ki, kimsə sorğumuzun şəffaflığına xələl gətirə bilməsin”.

Xəbər lenti