Logo

Böyük ürəkli kiçik "gəlincik" - VİDEO

16.05.2021 12:00 948 baxış
IMG

Səhərin sübh çağı durub, ən gözəl paltarını geyinərək anası ilə işə gedən bir gəlincik. Anası küçələri süpürür, o isə anasından ayrı qalmaq istəmir.

 

Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, Nuran Məmmədovun çəkdiyi foto ötən gün bütün sosial şəbəkələrdə yayılmışdı. Kimisi bu uşağa "əhsən" dedi, kimisi isə erkən saatda yuxudan qalxmağa məcbur olduğu üçün bir qədər təəssüfləndi.

 

Kiçik bədəninə böyük ürək sığdıran bu balaca mələyin tək dayağı ətəyindən ayrılmadığı anasıdır. Səhər tezdən axşam saat 7-dək anasının yanında olan bu qızcığaz 5 yaşlı Ayandır.

 

Ayandan "ən çox nə istəyirsən" deyə soruşanda, o, "anam yorulmasın" deyir.

 

Səbail rayonu ərazisində il yarımdır ki, süpürgəçi işləyən 34 yaşlı ana Şövkət Əliyeva deyir ki, hər səhər Ayanı yuxudan qaldırmağa qıymır, amma o anasından da tez durub hazırlaşır.

 

"Qızımla fotomu ilk görəndə çox xoşuma gəldi, amma sonra təəssüfləndim" deyir ana.

 

Bir dəfə Şövkət xanım işdə olanda Ayanı birinə əmanət edir, amma onun ayaqlarına qaynar su tökülür və 4-cü dərəcə yanıq xəsarəti alır. Bir müddət müalicə olunsa da, Ayanın ayaqları hələ tam sağalmayıb. O vaxtdan etibarən övladını etibar edə biləcəyi heç kim olmadığı üçün Ayanı hər səhər özü ilə işə aparmaq məcburiyyətində qaldığını deyir Şövkət Əliyeva.

 

Ayanın böyüyəndə bizim kimi savadlı jurnalist olmağını istəyir anası.

 

Hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qalır Ayan və anası. Birliyin rəhbəri Kəmalə Ağazadə onların bütün ehtiyaclarının qarşılanacağını deyib.

 

Balaca boyu ilə böyük ürəyə sahib olan gəlincik, sən və sənin kimi bütün uşaqlar, yenə ən gözəl paltarlarınızı geyinin, amma işə yox, gəzməyə, əylənməyə, uşaqlığınızı yaşamağa gedin.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

https://daytube.az/az/embed/107159

Xəbər lenti