Logo

ADA Universitetində 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23.09.2020 17:38 562 baxış

Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosunun, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətlərinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə ACM-in 7-ci “womENcourage” beynəlxalq toplantısı keçiriləcək.

ADA Universitetinin ev sahibliyi ilə həyata keçiriləcək bu beynəlxalq tədbirin məqsədi qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirməkdir.

Tehsil.biz xəbər verir ki, “womENcourage 2020” pandemiya səbəbindən bu il onlayn formatda keçirilsə də, tədbir çərçivəsində konfrans, karyera sərgisi və hakafon təşkil ediləcək. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlanmaq, hakafonda isə real həyatda üzləşdiyimiz problemə dair texnoloji həllər irəli sürərək funksional prototip yaratmaq imkanı əldə edəcəklər.

Dörd gün davam edəcək virtual tədbirin rəsmi açılışını edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib: “Əminəm ki, dünyanın lider təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar gəncləri bu sahəyə daha da həvəsləndirəcək”.

Tədbir iştirakçıları informatika ilə bağlı çıxışları dinləyəcək, 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların poster təqdimatını izləyəcəklər.

Əlavə məlumatı http://womencourage.acm.org/2020/  linki vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti