Logo

“Teledərs” layihəsi çərçivəsində indiyədək efirdə 8633 dərs yayımlanıb

19.05.2021 18:37 521 baxış
IMG

COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci il martın 3-dən etibarən Təhsil Nazirliyi tərəfindən start verilən “Teledərs” layihəsi uğurla davam etdirilir. Onlayn və əyani dərslərə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində müxtəlif mövzularda dərslər hazırlanaraq, “Dərs vaxtı” proqramı adı altında “Mədəniyyət” və “ARB Günəş” telekanalları vasitəsilə həftəiçi hər gün yayımlanır.

 

“Teledərs” layihəsi Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi və “Təhsil TV”nin əməkdaşları tərəfindən koordinasiya edilir.

 

İnstitutdan bildirilib ki, layihəyə müxtəlif fənlər üzrə müəllimlər cəlb olunub. Bu günədək müxtəlif məktəblərdən 200-ə yaxın müəllim dərslərin hazırlanması prosesində iştirak edib. “Teledərs” layihəsi çərçivəsində artıq 8633 dərs efirdə yayımlanıb. Eyni zamanda, həftə ərzində 2 dəfə Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən müxtəlif fənlər üzrə canlı yayımlar təşkil olunur. Canlı yayımlarda telelayihələrin müəllimləri şagirdlərin öyrənməkdə çətinlik çəkdiyi mövzuları izah edir, onların suallarını cavablandırırlar.

 

Bundan əlavə, layihə çərçivəsində inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, elmin möcüzələri, “STEAM” dərsləri, eşitmə çətinliyi olan uşaqlar üçün dərslər, “Qüvvət elmdədir” (Nizami Gəncəvi-880), məktəbəqədər yaş dövründə uşaqların inkişafı üçün “Oynaya, öyrənə” kimi telelayihələr də “Mədəniyyət” və “ARB Günəş” telekanallarında işıqlandırılır.

Xəbər lenti