Bakı Dövlət Universiteti (BDU) və Daşkənd Dövlət Hüquqşünaslıq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanması mərasimi keçirilib.
Onlayn görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Daşkənd Dövlət Hüquqşünaslıq Universitetinin rektoru Rəhim Hakimov, beynəlxalq əməkdaşlıq və davamlı təhsil üzrə prorektor Dilşod Umarov, Hüquq fakültəsinin dekanı Dildora Kamalova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybek Yaqubov iştirak ediblər.
Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin qurulması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.
BDU-nun rektor Elçin Babayev bildirib ki, BDU beynəlxalq əməkdaşlığa və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir. BDU-nun son zamanlar qurduğu yeni beynəlxalq əlaqələr və Universitetdə tədqiqat sahəsinin inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. Mövcud ikili diplom layihələrindən danışaraq bu istiqamətdə əməkdaşlığı gücləndirərək gələcəkdə ikili diplom layihələri üzərində fəal işləmək təklifini irəli sürüb.
Daşkənd Dövlət Hüquqşünaslıq Universitetinin rektoru ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artması üçün əməkdaşlıq və ikili diplom layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı BDU ilə Daşkənd Dövlət Hüquqşünaslıq Universiteti arasında professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların təşkili, birgə tədqiqat layihələrində əməkdaşlıq, kurslar və tədris planları istiqamətində əməkdaşlıq həyata keçirilməsi barədə ikitərəfli razılıq əldə olunub.
Sonda universitetlərarası əməkdaşlığa dair memorandum imzalanıb.