Yaxşı xatırlayıram, orta məktəbdə oxuyanda müxtəlif mövzularda inşalar yazardıq. Bir mahnı vardı, bugünkü gənc nəslin yəqin ki eşitmədiyi: - “Hardan başlanır vətən, nədən başlanır vətən?” Bu, adi sual deyil, vətən məhəbbətimizin hüdudlarını, bəlkə də hüdudsuzluğunu müəyyənləşdirən müraciətdir. O vaxt bu mövzuda yazdığım inşadan “əla” qiymət almışdım. Lakin indi dərk edirəm ki, o vaxt bu mövzuda “əla”ya layiq inşa yaza bilməzdim. Yalnız indi, orta məktəb illərimdən 20 ildən çox müddət keçəndən sonra bu mövzuda yazı hazırlamağa mənəvi haqqımın çatdığını düşünürəm.
Torpağı su ilə qarışdığında palçıq, qanla qarışdığında Vətən olur. Kədərin də azı, çoxu, sonsuzu ola bilir. Ürəklərində sonu görünməyən kədər yükü daşıyan, ata yurdu əsir düşmüş, yerlə-yeksan edilmiş, doğmalarının qəbri uçurulmuş insanlardır vətən. O insanların uşaqlıq xatırələri, dünyasını dəyişmiş ata-analarının, doğmalarının nigaran ruhlarıdır vətən. Biz azərbaycanlılar vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmğa məsuliyyətlə yanaşmış, ona həyati əhəmiyyətli məsələ kimi baxmışıq.
90-cı illərin 20 Yanvar faciəsi, Xocalı soyqırımı... erməni ideologiyasının əsasını təşkil edən “böyük Ermənistan” naminə Dağlıq Qarabağdan başlanan, torpaqlarımızın işğalı ilə nəticələnən, müstəqilliyimizə təhlükə yaradan "güllə səsləri"... Vətənimizə təcavüz edib, torpaqlarımızın 20 faizindən çoxunu zəbt edən ermənilərin bu qaydasız müharibəni və talanı başladığı günləri "uşaq yaddaşımla" göz önümdə canlandırıram. O dövrdə öz həyatını, canını xalqın azadlığı uğrunda qurban verməyə hazır olan vətənpərvər insanlar xəyalımdan çıxmır. “Gələn Yeni ili, Novruz bayramını, Respublika və Müstəqillik günlərini... və bu kimi bir çox əlamətdar günləri Qarabağda keçirək” - arzularımızın elə arzu, istək olaraq qalacağını düşünürdük.
Hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu danılmaz həqiqətdir. Nəhayət, çoxdan gözlədiyimiz belə bir səhər bu ilin sentyabrın 27-də açıldı. Qəsbkar düşmənin təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuza əks-hücuma keçməklə bağlı əmr verdi. O gün bu gündür, 16 günə yaxındır davam edən torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından bu gün cəbhədə tam üstünlüyə sahibdir. Azərbaycan terrorizmə qarşı apardığı mübarizə və əks-hücum əməliyyatı ilə təcavüzkar və işğalçı ölkə olan Ermənistana ciddi zərbələr vurmuş, Ermənistan ordusu həm canlı qüvvə, həm də silah və texnika baxımından xeyli itki vermişdir. Ordumuzun düşməndən fərqli olaraq yüksək mənəvi-psixoloji hazırlığa malik olması, ən əsası isə xalq-ordu-dövlət birliyi qələbənin əsas rəhni, etibarlı mənbəyidir. Aparılan döyüşlərdə düşmənin saysız-hesabsız hərbi texnikası - yüzlərcə tankı, artilleriya qurğusu, piyadaların döyüş maşını, müxtəlif markalı zenit-raket kompleksləri, radiolakasiya stansiyaları və digər çoxsaylı avtomobil texnikası ordumuz tərəfindən məhv edilmiş və ya hərbi qənimət kimi götürülmüşdür. Hərbi əməliyyat nəticəsində düşmən işğalı altında olan 40-dan çox kənd, Cəbrayıl şəhəri, Suqovuşan, Murov zirvəsi, Hardrut qəsəbəsi Ermənistanın hərbçilərinin işğalından azad olunmuşdur.
***
Ön xətdə dan yeri erkən sökülür, səngərlərin yan-yörəsində gecənin qaranlığı öləziyir, titrəyir, əsir və yox olur. Ön xətdə döyüşlər, arxa cəbhədə qələbə üçün əlindən gələni edən vətəndaşların mübarizəsi davam edir. Evdən çıxıb işə yollanıram. İki həftədən çoxdur hər səhər çalışdığım doğma Bakı Dövlət Universitetinə gələndə hər kəsin üz-gözündən sevinc, dilindən dualar yağır. Əməkdaşlar bir-birini təbrik edir, gənclər yaxın günlərdə Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda, Ağdamda, Qubadlıda, Zəngilanda dalğalanacaq üçrəngli bayrağımızı Universitetin giriş qapısından, divarlarından asıblar. Doğma Universitetimin rektorundan tələbəsinə qədər hamı sevinclidir, qürurludur, məğrurdur. Hamı bir nəfər kimi cənab Prezidentimiz İlham Əliyevin, müzəffər ordumuzun yanında olduğunu, onlara güvəndiyini dilə gətirir. Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi işğal altında olan tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək və üçrəngli bayrağımız işğal edilmiş bütün torpaqlarımızda qaldırılacaq, şəhidlərimizin ruhları şad olacaqdır. Azərbaycan xalqı həmrəydir və xalqımızın Prezident İlham Əliyevə, Azərbaycan ordusuna olan inamı sonsuzdur. Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu!
http://rupor.az/sosial/biz-qalib-glcyik.
Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri