Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Heydər Əliyev Mərkəzinin açlılışı olub.
Mövcud pandemiya şərtlərinə uyğun olaraq açılışda Quba rayon Mədəniyyət Mərkəzinin rəhbəri Fuad Orucov, Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon Təşkilatının sədri Yusif Abidov, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Quba Soyqırımı Memorial Kompleksinin müdiri Rəxşəndə Bayramova, Quba Tarix Diyarşünaslıq Muzeyinin müdiri Məryəm Hacıyeva, Quba Bayraq Muzeyinin müdiri Vüsalə Kərimova iştirak etmişlər.
Açılışda filialın direktoru, dosent Yusif Alıyev bildirib ki, 18 May - Beynəlxalq Muzeylər Günü ərəfəsində ADPU ailəsinin bir hissəsi olan Quba Filialında yaradılmış Heydər Əliyev Mərkəzinin açılışının da böyük önəmli hadisə olduğunu qeyd etmək lazımdır. Çünki milli və dini baxımından zəngin, rəngarəng, Azərbaycanın multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin mərkəzi sayılan şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba Filialı regionda elm, təhsil və mədəniyyət mərkəzi olmaqla yanaşı, həmçinin azərbaycançılıq ideologiyasının təbliği istiqamətində də böyük işlər görür, ulu öndər Heydər Əliyev irsinin təbliğini hər zaman böyük şərəf hissi ilə yerinə yetirir.
Bu fəaliyyətin professor-müəllim heyəti və tələbələr arasında daha geniş şəkildə həyata keçirilməsi üçün filialda Heydər Əliyevin ideya-siyasi irsini, həyat və fəaliyyətini özündə əks etdirən bir mərkəzin yaradılmasına böyük zərurət hiss edilmişdir. Bu məqsədlə filialda Ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən tarixi fotolardan ibarət stendlərin yer aldığı və dəyirmi masa, müasir İKT resursları ilə təchiz edilmiş, 50 nəfərin sərbəst şəkildə yerləşə biləcəyi yüksək standartlara və şərq ornamentlərinə uyğun incəliklərlə hazırlanmış Heydər Əliyev Mərkəzi qurulmuşdur. Mərkəzin tərkibində həmçinin Heydər Əliyev Lektoriyası da fəaliyyət göstərir.
Açılışı göstərən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar və əməkdaşlar Mərkəzlə ətraflı tanış olublar. Açılışda iştirak edən qonaqlar öz ürək sözlərini bildirərək qeyd ediblər ki, ADPU-nun Quba filialı region ali təhsil müəssisəsi olaraq bölgənin həyatında müstəsna işlər görür.
Həmçinin gənc nəslin təlim-tərbiyəsi işində mükəmməl təcrübələrə malik olduğundan ulu öndər Heydər Əliyev irsinin təbliği baxımından da filialda görülən işlər yüksək dəyərlədirilməlidir.
Sonda qonaqlar yeni yaradılan Heydər Əliyev Mərkəzinin faəliyyətində filiala uğurlar arzulayaraq mərkəzə ulu öndərin həyat və fəaliyyətinə aid dəyərli hədiyyələr təqdim ediblər.