Logo

Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib

20.05.2021 16:04 569 baxış
IMG

18-19 may 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib.

 

Pilot layihə üzrə təlimin keçirilməsində əsas məqsəd iştirakçıların vəzifə təhlili və səriştələrin hazırlanmasına dair bacarıqlarını inkişaf etdirmək və praktiki məşğələlər vasitəsilə situasiya əsaslı müsahibə üsulları haqqında biliklərini inkişaf etdirmək olub.

 

Təlimin ilk günündə ekspertlər tərəfindən İnsan Resurslarının İdarə Edilməsi (İRİE) sistemində səriştələrin rolu, DİM tərəfindən müəyyənləşdirilmiş səriştələrin siyahısı, vəzifə təhlili, vəzifənin təhlil edilmə üsulları, situasiya əsaslı müsahibə üsulu haqqında təqdimatlar edilib, o cümlədən iştirakçılar qeyd olunan müsahibə üsulu haqqında təcrübi-məşğələyə cəlb olunublar.

 

Təlimin növbəti günündə iştirakçılara “gələcəyə dair baxış üsulu” və fokus qruplarla müsahibələrin həyata keçirilməsi haqqında məlumat verilib. Eyni zamanda, iştirakçılar üçün “gələcəyə dair baxış” müsahibə üsulu ilə keçirilən müsahibə nümunəsi təqdim edilib.

 

Qeyd edək ki, pilot layihə üzrə bu təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın  “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə DİM-in müvafiq əməkdaşları və səriştə modelinin hazırlanmasında iştirak edəcək seçilmiş dövlət orqanlarının (pilot qurumların) nümayəndələrindən ibarət İşçi Qrupu üçün keçirilib.

 

Xatırladaq ki, pilot layihənin iştirakçı qurumları olaraq Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Apelyasiya Məhkəməsi və İqtisadiyyat Nazirliyi seçilib.

 

Təlim SİGMA-nın İRİE sistemində təcrübəli ekspertləri olan Aine Gray və Laura Həmidova tərəfindən keçirilib.

 

Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

Xəbər lenti