Logo

Beyin dil və əllərin səhv hərəkətini eyni neyron zənciri ilə düzəldir

22.05.2021 14:48 510 baxış
IMG

Neyrobioloqlar dilin hansı neyron zəncirləri ilə, eyni zamanda, necə idarə olunduğunu çoxdan anlamağa çalışırlar. Problem ondadır ki, dil xırda hərəkətləri çox tez yerinə yetirir - onu izləmək çətindir.


Tehsil.biz “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Kornell Universitetinin əməkdaşları siçanın borucuqdan su içməsini təfərrüatı ilə videoya çəkməyi bacarıblar. Süni intellektin yüksəksürətli çəkilişinin və üçölçülü modelləşdirmənin köməyilə alimlər dilin kənarlarının, onun aşağı səthinin və kökünün necə dəyişdiyini görə biliblər. Məlum olub ki, dil müntəzəm hərəkət edir və adi videoçəkilişdə görünmür. Bu korreksiyaedici hərəkət dildən hər hansı damcı sürüşdükdən sonra (məsələn, siçan hərəkətini hesablamayaraq damcıya çata bilməyəndə, yaxud tədqiqatçılar içində su olan borucuğu siçandan uzaqlaşdıranda) başlayır.
Siçan sadəcə suyu içməyib – eyni vaxtda onun beyinində əzələlərin fəaliyyətinin asılı olduğu bu və ya digər nahiyələrin aktivliyini idarə etmək mümkün olub. Əgər siçanlarda iradi hərəkətlər üçün lazım olan beyin mərkəzinin aktivliyi dayandırılıbsa, dilin korreksiyaedici hərəkəti yoxa çıxıb. Yəni dilin düzgün işləməsi üçün onun səhvlərini düzəldən nəzarətedici iradə lazımdır.
“Nature” jurnalında qeyd edilir ki, siçanlarda dilin hərəkətini korreksiya edən eyni neyron zənciri primatlarda da işləyir. Yalnız primatlarda həmin neyron zənciri əl hərəkəti ilə əlaqədə öyrənilib. Ümumiyyətlə, dilin hərəkətində olduğu kimi, eyni proses əl ilə də baş verir: əgər meymun nəyisə tutmaq istəyirsə, lakin bunu necə etməyi tam başa düşmürsə, yaxud bu, onda ilk hərəkətdən alınmırsa, məqsədə çatana qədər hərəkəti korreksiya etmək lazım gəlir.


Əsas eksperiment də bundadır – tədqiqatçılar göstəriblər ki, hərəkətlərin korreksiyasını istər əllərin əzələlərində, istərsə də dilin əzələlərində eyni neyron mərkəzi yerinə yetirir. Demək olar ki, beyin dili əllər kimi idarə edir (hərçənd yığılma və boşalma üçün adi, korreksiyaedici siqnal verməyən neyronların əl və dil üçün fərqli olduğu aydın görünür).


Lakin dil digər işlər də görür. Yəni dil təkcə siçan su içəndə hərəkət etmir, həmçinin çeynəməyə, müxtəlif səslər çıxarmağa kömək edir. Alimlərin fikrincə, bu və digər hallarda korreksiyaedici hərəkəti izah etmək maraqlı olardı; bəlkə bu hərəkətlər üçün ayrıca korreksiyaedici mərkəz var, bəlkə də onları eyni neyron zənciri idarə edir.

Xəbər lenti