Logo

Azərbaycan Prezidenti Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır

13.10.2020 13:08 637 baxış
IMG

Azərbaycan Prezidenti Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdıraraq siyasi arenada və informasiya müharibəsində də qələbəmizi təmin edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışlarında, 27 sentyabr, 4 və 9 oktyabr tarixlərində xalqa etdiyi müraciətlərində, “Rossiya-1”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “Pervıy-kanal”, “CNN-Türk”, ”CNN İnternational”, “Euronews”, “RBK”, “Scy News”, “Haber Global” televiziya kanallarına verdiyi müsahibələrində, son günlər keçirdiyi müxtəlif səviyyəli görüşlərdə əsas məqamları aşağıdakı tezislər formasında ifadə edilən bir sıra Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmışdır:

  1. Tarixi faktlar əsasında Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu isbat edilmişdir.
  2. 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və onu əhatə edən 7 inzibati rayon təcavüzkar Ermənistan tərəfindən işğal edilmişdir.
  3. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Dağlıq Qarabağ və onu əhatə edən rayonların işğalı faktı təsbit edilmiş, qeyd-şərtsiz olaraq işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələb edilmişdir.
  4. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu qətnamələrin tələbləri yerinə yetirilməmiş və bu tələblərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən Ermənistana heç bir təzyiq göstərilməmişdir.
  5. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən heç bir səmərəli fəaliyyət aparılmamışdır.
  6. Ermənistan həmişə danışıqlar prosesini pozaraq status-kvonu saxlamağa çalışmış, son vaxtlar isə yeni ərazilər işğal etmək arzusunda olduğunu bəyan etmişdir. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq beynəlxalq təşkilatlar tərəfindən heç bir tədbir görülməmişdir.
  7. Ermənistan mütəmadi olaraq təxribatlar törətməyə səy göstərmişdir. Sonuncu dəfə sentyabr ayının 27-də Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanılmışdır.
  8. Azərbaycan Respublikasının Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əhalinin təhlükəsizliyinin və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və qəbul edilən ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Azərbaycan ərazisində əks-hücum əməliyyatları aparır. Ermənistan isə işğalçı siyasətini davam etdirərək başqa dövlətin – Azərbaycan Respublikasının ərazisində hərbi əməliyyatlar aparır.
  9. Ermənistan dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutmaqla  dövlət səviyyəsində terror siyasəti yürütdüyünü əyani təsdiq edir.
  10. Azərbaycan üçün artıq status-kvo və təmas xətti anlayışları yoxdur. Azərbaycan işqal altında olan bütün torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü tam təmin etmək əzmindədir və buna mütləq nail olacaqdır. Bu yolda heç kim Azərbaycana təsir edə bilməz.
  11. Azərbaycanda ən yüksək səviyyəli xalq-iqtidar birliyi yaranmışdır və dünyanın ən güclü 50 ordusu sırasına daxil edilən Azərbaycvan Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü, müdafiəsini və təhlükəsizliyini tam təmin etmək qüdrətinə malikdir.

Bütün bunlar Azərbaycanın hərbi əməliyyatlarla yanaşı, siyasi arenada və informasiya müharibəsində də müqayisə edilməz dərəcədə üstünlüyə malik olmasını təmin edir və Böyük Qələbə naminə sabaha daha böyük ümidlərlə baxmağa zəmin yaradır.

Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik!

 

Aydın Kazımzadə,

BDU-nun professoru

Xəbər lenti