Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik yeni binada son tamamlama işləri aparılır.
Tikintidə sahə rəisi Həsənəli Əfəndiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib. Üç mərtəbədən ibarət məktəb binasının ümumi tikinti sahəsi 2700 kvadratmetrdir. Məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və havalandırma sistemləri ilə təmin edilib.
Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikilib. Hazırda idman meydançası hazırlanır, məktəbin həyətində abadlıq və yaşıllıq işləri həyata keçiriləcək. İşlərin iyun ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qaradəmirçi kənd məktəbi üçün yeni binanın tikintisi sakinlərin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Kənd tam orta məktəbinin müəllimi Nizami Hüseynov bildirib ki, 1986-cı ildə inşa edilmiş binada 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər məskunlaşdığından 25 ilə yaxın dövrdə təhsil ocağı uyğunlaşdırılmış siniflərdə fəaliyyət göstərib. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi təhsilini davam etdirib. Çətinliklərə baxmayaraq, məktəbin uğurları çox olub.
"Artıq məktəbimiz üçün yeni binanın inşası yekunlaşır. Məktəb üçün yeni binanın tikilməsi bizi daha da ruhlandıracaq və təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Yeni tədris ilində yeni məktəb binasında yeni arzularla və yüksək əhval-ruhiyyə ilə dərsə başlayacağıq. Biz müəllimlər bundan sonra tədrisin daha da keyfiyyətli olmasına çalışacaq, dövlətimizin qayğısına işimizlə cavab verəcəyik", - deyə N.Hüseynov bildirib.