Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olunan I tədris ili tələbələri ilə tanışlıq görüşü keçirilib.
Görüşdə BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tədris-mədəniyyət mərkəzlərinin müdirləri, müəllimlər, tyutorlar, tələbə ictimai təşkilatlarının üzvləri iştirak ediblər. Bugünkü tanışlıq görüşü BSU-nun Filologiya və xarici dil müəllimliyi, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika, Azərbaycan filologiyası fakültələrinin I tədris ili tələbələri, həmçinin I tədris ili magistantları ilə keçirilib. Qeyd edək ki, tanışlıq görüşü hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə Koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə, o cümlədən tibbi maskadan və əlcəkdən istifadə edilməsi, sosial məsafənin gözlənilməsi və digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb. Məlumat üçün bildiririk ki, oktyabrın 14-də BSU-nun Pedaqoji, Tərcümə, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültələrində I tədris ili tələbələri, eləcə də I tədris ili magistantları ilə də tanışlıq görüşünün keçirilməsi nəzərdə tutulur.
Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü və Azərbaycanın Milli Qəhrəmanları, eləcə də BSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub.
BSU-nun Akt zalında keçirilən görüşün əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü universitetin rektoru, professor Nurlana Əliyeva açaraq tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, onlara həyatda möhkəm cansağlığı və təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, tələbəlik illəri hər bir gəncin həyatında ən gözəl, maraqlı və yaddaqalan bir dövrdür. Ali təhsil müəssisələrində I tədris ilinə qəbul olunan tələbələrlə tanışlıq görüşünün keçirilməsi müasir dünya təcrübəsində mövcuddur. Məqsəq tələbələrə istiqamət vermək, onlarda ali təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaq, onlara tədris və imtahan prosesi barədə məlumat verməkdir. Rektor Nurlana Əliyeva tələbələrə Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan BSU-nu
seçmələrinə görə təşəkkür edib, onlara yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş kimi yetişməyi tövsiyə edib.
Rektor çıxışında bildirib ki, xalqımızın dahi oğlu, dünya şöhrətli dövlət və siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri mütərəqqi siyasət nəticəsində ölkəmizdə təhsil sahəsinin inkişafı müasir çağırışlara uyğun təmin edilir. Hazırda Azərbaycanda insan kapitalının inkişafı siyasəti uğurla reallaşır. Ali təhsil insan kapitalının formalaşmasında birbaşa iştirak edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, yeni biliklərin yaranmasına, tətbiqinə və ötürülməsinə xidmət edir. Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər. Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərinizdə əzmlə çalışmalı, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız. Siz Azərbaycanı ürəkdən sevməli, fəal və ləyaqətli vətəndaş olmalı, milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalısınız. Universitetimizin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyiniz olduqca vacibdir.
Professor Nurlana Əliyeva xüsusi vurğulayıb ki, hazırda bütün dünya üçün ciddi təhlükə yaradan Koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin apardığı qətiyyətli mübarizə, həyata keçirdiyi təsirli qabaqlayıcı tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükəmməl nümunə kimi təqdir edilir.
İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən yeni hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzun və tələbəsi Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Onların arasında yaralananlar, şəhid olanlar var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır.
Görüş zamanı BSU-nun Himni və vətənpərvər ruhlu mahnılar səsləndirilib, həmçinin BSU-nun hazırladığı və təqdim etdiyi videoçarxda universitetin elm-təhsil və ictimai-mədəni fəaliyyəti, eləcə də tələbə həyatının maraqlı məqamları öz əksini tapıb.
Görüşdə yüksək balla Filologiya və xarici dil müəllimliyi fakültəsinə qəbul olunan Aytac Tağızadəyə, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinə qəbul olunan Gülər Hacıyevaya, Nəzakət Bağırovaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib. Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva göstərilən diqqətə görə rektor Nurlana Əliyevaya təşəkkür edib.
Görüş zamanı tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli Qəhrəmanları, şəhid məzunları guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin Əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, tələbə ictimai təşkilatları, universitetin yataqxanası və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib. BSU-da yaradılmış səliqə-sahman, nizam-intizam, xoş və qayğıkeş münasibət tələbələr tərəfindən razılıqla qarşılanıb və tanışlıq görüşünün onlarda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaratdığını bildiriblər.
Görüşdə tələbə-gəncləri maraqlandıran suallar geniş və ətraflı cavablandırılıb.
BSU-nun Mətbuat Xidməti