Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 May - Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik dövlətdir!” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, Vətən müharibəsindən sonra ilk Respublika Günü bayramını bu il xalqımız xüsusi ruh yüksəkliyi, başıucalıq və qürur hissi ilə qarşılayır. Şərqdə ilk dəfə demokratik dövlət quruluşunu yaradan AXC istiqlaliyyətimizi elan edib və xalqımızın müstəqillik əzmini bütün dünyaya çatdırıb. Lakin buna baxmayaraq, bu müstəqillik cəmi 23 ay davam edib: “XX əsrin sonunda Azərbaycan xalqının yenidən müstəqillik əldə etməsi xalqımızın təkidli və tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra reallığa çevrilib. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövləti dünyanın lider dövlətləri cərgəsinə qoşulub”,- deyə rektor bildirib.
Çıxış edən ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov ölkəmizin qədim və zəngin, keçməkeşli tarixində 28 may -Respublika Gününün özünəməxsus yerinin olmasını xüsusilə vurğulayıb.
Daha sonra İctimai elmlər və multikulturalizm kafedrasının müəllimləri t.u.f.d, dosent əvəzi Sevda Abdullayeva, tələbələrdən Səadət Məmmədova, Dəniz Hüseynli, Nərmin Qurbanova və Nigar Miralıyeva çıxışlar edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı danışıblar.