Logo

NDU-da elektron imtahan sistemi üçün yeni proqram təminatı yaradılıb

27.05.2021 18:57 1699 baxış
IMG

Naxçıvan Dövlət Universitetində (NDU) elektron imtahan sistemi üçün yeni proqram təminatı yaradılıb.

 

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təqdimat mərasimində ali təhsil ocağının rektoru Elbrus İsayev çıxışında müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi barədə danışıb. Bildirib ki, sistem öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Semestr imtahanlarının elektron formada keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya-kommunikasiya texnologiyalarının uğurla tətbiqindən xəbər verir.

 

Rektor dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq baxımından bu kimi yeniliklərin mühüm əhəmiyyət daşıdığının qeyd edib. Bildirib ki, yeni elektron imtahan sistemi tərtib olunmuş alqoritm və müasir proqram təminatı əsasında işlənib hazırlanıb. Bu sistemlə tələbələrin ümumi orta müvəffəqiyyət göstəricilərinin, təqaüdlərinin avtomatik hazırlanması, həmçinin tələbə transkriptlərinin LMS (öyrənmənin idarə olunması sistemi) sisteminə avtomatik inteqrasiyası təmin edilib. Sistem, həmçinin elektron test bankında təkrar sualların yerləşdirilməsinin də qarşısını alır.

 

Diqqətə çatdırılıb ki, vahid pəncərə prinsipi ilə işləyən yeni elektron imtahan sistemi administrator, tyutor, nəzarətçi və tələbə bölmələrindən ibarətdir. Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandıran hər tələbə imtahanı bitirdiyini təsdiqlədikdən dərhal sonra öz imtahan nəticəsi ilə bağlı məlumat əldə edir. Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir.

Xəbər lenti