Hörmətli ictimaiyyət nümayəndələri, əziz tələbələr!
Universitet olaraq fəaliyyətə başladığımız ilk gündən bugünki günədək qarşıya qoyduğumuz əsas məqsəd və amalımız şəffaflıq prinsipinə əsaslanan yüksək keyfiyyətli təhsil xidməti göstərmək və peşəkar kadrlar yetişdirmək olmuşdur.
Hər kəsə, o cümlədən hazırda Respublikamızda və Respublikadan kənarda dövlət və özəl sektorda yüksək vəzifələrdə çalışan məzunlarımıza da məlumdur ki, 30 illik fəaliyyətimiz dövründə əsas amalımız olan şəffaflıq və dürüstlük prinsiplərinə daima riayət etmiş və bu prinsipləri pozmağa cəhd edən hallara qarşı dönməz və qətiyyətli mübarizə aparmışıq.
Hər imtahan sessiyasında olduğu kimi başa çatmaqda olan tədris ilinin yaz imtahan sessiyası öncəsi də digər təhsil müəssisələri kimi bizim Universitet barəsində də bəzi məqsədli şaiyələr dolaşmaqdadır.
Şəffaflığa xüsusi önəm verən Universitet olaraq cari ilin yaz sessiyasında təşkil ediləcək olan imtahanlarla bağlı bu gün bizə daxil olmuş bəzi məlumatlara dərhal reaksiya verməyi və bu halların qarşısını imtahanlar başlamadan öncə almaq üçün ictiamiyyəti məlumatlandırmağı və xəbərdarlıq etməyi özümüzə borc bilirik. Onu da qeyd edək ki, pandemiya şəraitinin çətinliklərini universiet ötən semestrlərdə olduğu kimi, bu semestrdə də nəzərə alır, buna müvafiq addımlar atır.
Universitetə bəzi mənbələrdən daxil olmuş ilkin məlumatlar əsasında aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, bəzi tələbələr imtahanlar üçün onlara verilmiş açıq sualların cavablarını şəxsi mülahizələrinə görə hazırlayaraq öz qruplarında və ya digər qruplarda pul müqabiləndə satmağı planlaşdırmış və bu barədə tələbə yoldaşlarından da 1 (bir) manatdan yığmağa başlamışlar. Müəyyən qrup tələbələr tərəfindən bütün qrup üzvləri üçün edilən bu hərəkətlər məqsədi yüksək keyfiyyətli və şəffaf şəkildə təhsil almaq olan və bu məqsədlə də Universitetimizi seçən tələbələr arasında narazılığa və əsassız şaiyələrin yayılmasına səbəb olmuş və bəzi işbazlar tərəfindən bundan Universitetin işgüzar nüfuzunu ləkəmək üçün istifadəyə cəhdlər edilmişdir.
Əsas məqsədi və amalı şəffaf təhsil vermək olan Universitet olaraq bildirmək istəyirik ki, imtahan suallarının cavablarını yazaraq öz tələbə yoldaşlarına satan və bunu biznesə çevirməklə Universitetin imicinə, fəaliyyətinə və əməkdaşlarının şərəf və ləyaqətinə ləkə gətirən bəzi tələbələr tərəfimizdən artıq müəyyən edilmiş və araşdırmalar davam etdirilməkdədir.
İctimaiyyətin və tələbələrin diqqətinə çatdırmaq istəyirik ki, Universitet olaraq təhsildə yuxarıda qeyd edilən hallara yol verən şəxslərə - istər tələbə olsun, istərsə də müəllim – qarşı daima mübarizə aparmış və aparmaqdayıq.
Hər kəsə bəyan edirik ki, hansısa tələbənin öz şəxsi məqsəd və maraqları üçün digər tələbələrin yüksək keyfiyyətli təhsil almaq hüququnu pozmasına, Universitetin işgüzar nüfuzunu ləkələməsinə, pedaqoji və inzibati heyətin şərəf və ləyaqətini alçaltmasına, Universitetin illər boyu formalaşdırdığı imici və dillər əzbəri olan şəffaflığını şübhə altına almasına yol verməyəcək, bu cür hallara yol verən şəxsləri kimliyindən asılı olmayaraq kollektivimizdən dərhal uzaqlaşdıracaq və barələrində ciddi hüquqi tədbirlər görəcəyik.
Əziz tələbələr, Sizlərdən xahiş edirik ki, yuxarıda qeyd edilən və ya buna bənzər hallara yol verən şəxslərə aldanmayın və bu cür hallarda rastlaşdıqda Universitet rəhbərliyinə dərhal məlumat verin.
Yolunuz açıq, uğurlarınız bol olsun!
İctimaiyyətlə Əlaqələr Şöbəsi