Volt Avropa Siyası Gənclər hərəkatı Dağlıq Qarabağ münaqişəsi mövzusunda onlayn debat təşkil edib. Debatda Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrantı Rəsul Mehdiyev iştirak edib.
Azərbaycan və Ermənistanı təmsil edən tələbələrinin qatıldığı debatda münaqişənin həll yolları müzakirə olunub, beynəlxalq hüquqlara əsaslanan faktlar irəli sürülüb. Rəsul Mehdiyev məsələnin həll yolunun işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazilərindən çıxarılması olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan tərəfi daim sülh tərəfdaşı olmasına baxmayaraq aparılan sülh danışıqları nəticəsiz qalıb. 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyanın Şuşada etdiyi çıxışı isə aparılan sülh danışıqlarının artıq heç bir nəticə verməyəcəyinin bariz nümunəsi olub. Bu səbəbdən bütün erməni hərbi qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb etdiyimizə diqqət çəkib.
Debatda Ermənistan tərəfinin bütün iddiaları faktlar əsasında cavablandırılıb və əsassız olduğu sübut olunub.