Logo

Koronavirusa görə bağlanan məktəbin fəaliyyəti bərpa edilib

13.10.2020 21:44 566 baxış
IMG

Oktyabrın 13-dən Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində əyani formada tədrisə başlanılıb.

 

Tehsil.biz xəbər verir ki, müəllimlərin koronavirusa yoluxması səbəbindən sentyabrın 21-dən təhsil ocağında dərslər distant formada keçirilirdi.

 

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, xəstəliyə yoluxan müəllim və texniki işçilər tam sağalıb və bu gündən fəaliyyətlərini bərpa ediblər. Həmçinin bütün məktəb kollektivi COVID-19-la əlaqədar testdən keçirilib.Qamqam kənd tam orta məktəbində əyani dərslər bərpa olunsa da, rayonda başqa iki məktəb koronavirusa görə distant təhsilə keçib.

 

Oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.

 

Zərdabi kənd tam orta məktəbində iki şagird və bir müəllimdə, Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə isə bir müəllimdə xəstəliyin olması təsdiqlənib.Distant təhsilə keçən iki məktəbdə, ümumilikdə, 2 min 82 şagird təhsil alır. Hazırda məktəblərdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

 

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər tədrisi distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında yoluxmanın səbəbi kimi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

 

Təhsil Nazirliyinin oktyabrın 12-də ümumtəhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatına əsasən, respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 20-yə, siniflərin sayı isə 55-ə çatıb.

Xəbər lenti