1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Xaçmaz rayonunun Ağtala kəndində yeni bağça istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 yerlik uşaq bağçasının əvvəlki binası tam qəzalı vəziyyətdə olub. Müasir tələblər səviyyəsində yenilənən bağçada uşaqların təlim tərbiyyəsi və düzgün qidalanması üçün hər cür şərait var. Daxildə yeni xidməti otaqlar yaradılıb, bağçanın həyəti abadlaşdırılıb, uşaqların əyləncəsi və istirahəti üçün imkanlar genişləndirilib.
Uşaq bağçası ilə tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev balacaları ikiqat bayram münasibəti ilə təbrik edib. Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onların layiqli vətəndaş kimi böyüməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Rayon sakini, xeyriyyəçi iş adamı Məhəmməd Balaqadaşovun təşəbbüsü ilə inşa olunan tərbiyə müəssisəsi günün tələblərinə tam cavab verir.