Azərbaycan Tibb Universitetinin (ATU) tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.
ATU-dan Tehsil.biz-ə bildirilib ki, hazırda ölkədə hərbi vəziyyət və xüsusi karantin rejimi hökm sürür. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq, Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra, universitetdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən elmi şuranın qərarına əsasən universitetin tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.
ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, Tibb (Müalicə işi), Tibbi profilaktika (İctimai səhiyyə), Stomatologiya, Əczaçılıq, Hərbi tibb (Hərbi həkim işi), Tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının bütün təhsil ili tələbələri üçün əyani təhsilalma forması nəzərdə tutulub:
“Əyani təhsilalma formasında tədris prosesinin başlanılması 15 oktyabr tarixindən nəzərdə tutulur. Əyani təhsil zamanı praktik məşğələlər zamanı qrupda tələbə sayı auditoriyaların tutumu nəzərə alınaraq, 4-6 nəfər olmaqla müəyyən edilir. Bu zaman həftəlik dərs mövzularının hansı formada tələbələrə çatdırılacağı haqqında artıq kafedra müəllimlərinə məlumat verilib”.
Qeyd edək ki, bununla yanaşı qeyri-tibb profilli fənlər üzrə ATU-da distant təhsil də davam etdirilir.
Həmçinin universitetdə təhsilə start verərkən istər müəllim heyəti, istərsə də tələbələr üçün ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun qaydalar qoyulub. Belə ki, universitetə daxil olarkən bütün əməkdaşların və tələbələrin hərarəti təmassız termometr vasitəsilə ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların universitetə daxil olmasına yol verilmir. İş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Sıxlığın qarşısının alınması və sosial məsafənin təmin olunması məqsədilə tədris korpuslarının önündə, dəhlizlərdə, dərs otaqlarının qarşısında tələbələrin və əməkdaşların birlikdə toplanmasına yol verilmir.
Qeyd edək ki, 2020/2021-ci tədris ilinin payız semestri üzrə əyani təhsilə oktyabr ayının 15-dən start verilir.