Logo

BDU-nun Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil almiş tələbələri öz təcrübələrini bölüşür

16.09.2021 14:12 699 baxış
IMG

Dünyanın müxtəlif nüfuzlu universitetləri ilə ikili diplom, əməkdaşlıq müqavilələri və mübadilə proqramları imzalayan Bakı Dövlət Universitetində (BDU) yeni layihəyə start verilib. Layihənin əsas məqsədi təhsillərini xaricdə davam etdirən BDU tələbələrini ictimaiyyətə tanıtmaq və onların xaricdə qazandıqları təhsil təcrübələrini oxucularla bölüşməkdir.

İlk müsahiblərimiz BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Aydan Heydərli və Nərmin Murtuzzadədir. Onlar “Erasmus +” mübadilə proqramı çərçivəsində 2020/2021-ci tədris ilinin II semesteri ərzində Türkiyənin Sivas Cumhuriyyət Universitetinin Psixologiya fakültəsində təhsil alıblar.

-   “Erasmus+” mübadilə proqramına müraciət edən zaman hansı mərhələlərdən keçməli oldunuz?

-   Aydan Heydərli: “BDU-nun Sosial elmlər və psixologiya fakültəsinə qəbul olduğum vaxtdan Erasmus+ mübadilə proqramı haqqında məlumatım var idi. İkinci kursun sonlarında qrup yoldaşım Nərminlə bu proqrama müraciət etməyə qərar verdik. Öncə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə müraciət etdik. Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Erasmus+ proqramı çərçivəsində BDU-nun əməkdaşlıq müqaviləsi olan universitetlərlə bizi tanış etdilər. Müvafiq sənədləri şöbəyə təqdim etdikdən sonra bizi qarşıda müsahibə mərhələsi gözləyirdi. Müsahibədən uğurla keçdikdən sonra Sivas Cumhuriyyət Universitetindən müraciətimizin müsbət dəyərləndirildiyi barədə təsdiq məktubu aldıq”.

-   Nərmin Murtuzzadə: “Əvvəlcə onu qeyd edim ki, Erasmus+ proqramı universitetimizin biz tələbələrə yaratdığı önəmli fürsətlərdən biridir. Bu proqram vasitəsilə hər bir BDU tələbəsi xaricdə təhsil alma fürsəti əldə etmiş olur. Universitetimizin internet səhifəsində BDU-nun əməkdaşlıq etdiyi bütün universitetlər barədə hər kəs rahatlıqla məlumat ala bilər. Biz də universitetlərin siyahısı ilə BDU-nun internet səhifəsində tanış olmuşduq.

- Sivas Cumhuriyyət Universitetində tədris prosesi ilə bağlı hansı fərqli məqamlarla rastlaşdınız?

- Aydan Heydərli: “Hər bir ölkənin özünəməxsus təhsil sistemi var. Bu özünəməxsusluq hətta ölkələrin daxilində universitetdən-universitetə dəyişir. Sivas Cumhuriyyət Universitetində təhsil aldığımız müddət ərzində bir çox fərqli məqamlarla rastlaşdıq. Ümumiyyətlə, bu universitetdə dərslər demək olar ki, mühazirə ağırlıqlı keçirilir. Orada BDU-dan fərqli olaraq, seminar və kollokvium kimi dərs saatları yoxdur. Tələbələr semestr boyunca sadəcə 2 dəfə imtahan verməli olur. Bu imtahanlardan biri semestrin ortasında, ikincisi isə semestrin sonunda təşkil olunur. Bizim orada olduğumuz müddətdə pandemiya ilə əlaqədar dərslər onlayn şəkildə keçirilirdi. Buna görə də, təssüf ki, əyani təhsilin imkanlarından yararlanmaq fürsətimiz olmadı”.

- Nərmin Murtuzzadə: “Mənim fikrimcə, Sivas Cumhuriyyət Universitetində təhsilin keyfiyyəti BDU ilə paralellik təşkil edir. Çünki BDU daim inkişafda olan və beynəlxalq təcrübəni özündə tətbiq etməyə meyilli tədris ocağıdır. Təbii ki, dərslərin keçirilmə prosesində bəzi fərqlər var idi. Bunlara seminarların olmamasını, imtahanların test üsulu ilə keçirilməsini örnək göstərə bilərəm”.

- Azərbaycanlı olduğunuzu biləndə müəllimlərin və tələbələrin sizə reaksiyası necə olurdu?

- Aydan Heydərli: “Əvvəldə də qeyd etdiyim kimi, dərslər onlayn formada keçirilirdi. Bu zaman müəllimlər dərsə qatılan tələbələrin qeydiyyatını aparırdı. Bizdə olduğu kimi, Türkiyə təhsil sistemində də dərslərin müəyyən qismində iştirak etmək məcburiyyəti var. Müəllimlər əsasən soyadlarımızın sonluğundan xarici ölkə vətəndaşı olduğumuzu anlayırdılar. Bu da onların diqqətini çəkirdi. Demək olar ki, bütün müəllimlərdən “Haradan gəlmisiniz?” sualını eşitmişik. Onlar bizim azərbaycanlı olduğumuzu biləndə ölkəmiz haqqında yalnız xoş sözlər deyirdilər. Aralarında Azərbaycana nə vaxtsa gələn olubsa, bu barədə təəssüratlarını bizimlə bölüşürdü. Ümumiyyətlə, Türkiyədə yaşayan insanlar çox qonaqpərvərdir. Buna görə də bütün müəllimlərdən və tələbələrdən özümüzə qarşı yalnızca dost münasibəti görürdük. Təbii ki, azərbaycanlı olduğumuz üçün onların bizə qarşı diqqəti və qayğısı digər ölkə tələbələri ilə müqayisədə fərqli idi. Erasmus+ proqramı ilə oxuyan digər tələbələr də bizim dilimiz, mədəniyyətimiz, ümumiyyətlə, ölkəmiz haqqında məlumatları böyük maraqla dinləyirdilər. İnteraktiv söhbətlərimiz zamanı biz onlara mütləq şəkildə Qarabağ müharibəsindən danışırdıq. Onları Azərbaycanın tarixi həqiqətləri ilə tanış edirdik. Ölkəmiz və Qarabağ uğrunda mübarizəmiz onları o qədər həyəcanlandırmışdı ki, yolda Azərbaycan bayrağı görəndə, ya da sosial şəbəkədə Azərbaycanla bağlı hər hansı bir məlumatla qarşılaşanda dərhal bizə məlumat verirdilər”.

Nərmin Murtuzzadə: “Bizə qarşı münasibət o qədər xoş idi ki, Türkiyədə olduğumuz 5 ay boyunca heç bir halda özümüzü yad hiss etmədik. Sanki öz doğma vətənimizdə idik. Bizim Azərbaycandan gəldiyimizi biləndə ölkəmizi və insanlarını nə qədər çox sevdiklərini dilə gətirirdilər. Küçələrdə Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqlarını da görmək bizi qürurlandırırdı”.

- İmtahan nəticələrinizdən razı qaldınızmı?

- Aydan Heydərli: “Düşünürəm ki, imtahan nəticələrimiz mübadilə proqramı tələbəsinin nəticələrinə görə kifayət qədər yaxşı idi. Cəmi 7 fəndən imtahan verdik və hamısını uğurla tamamladıq”.

- Nərmin Murtuzzadə: “Türkiyədə təhsil aldığımız müddətdə hər zaman ölkəmizi və universitetimizi yaxşı təmsil etməyə çalışmışıq. Buna görə də imtahanlara xüsusi diqqətlə hazırlaşırdıq. İmtahanlar onlayn formada test üsulu ilə keçirildi və hər birindən uğurlu nəticələr əldə etdik. Beləliklə, Sivas Cümhuriyyət Universitetindəki təhsil həyatımızı uğurla başa vurmuş olduq”.

- “Erasmus+” mübadilə proqramı yalnız təhsil yox, həm də yeni insanlar tanımaq və yeni dünya kəşf etmək üçün əvəzolunmaz fürsətdir. Siz bu fürsəti necə dəyərləndirdiniz?

- Aydan Heydərli: “Pandemiya səbəbindən universitetin auditoriyalarında əyani dərs ala bilməsək də, Türkiyənin bir çox şəhərinə səyahət etmə fürsətimiz oldu. Sivas Cumhuriyyət Universitetinə Erasmus+ proqramı çərçivəsində Serbiya, Bosniya və Hersaqovina, Monteneqro, Rumıniya və İsveç kimi ölkələrdən tələbələr gəlmişdi. 5 ay ərzində onlarla birlikdə Türkiyənin təxminən 15 şəhərini qarış-qarış gəzdik. Digər günlərdə isə tələbə dostlarımızla universitet kampusunda çox maraqlı vaxt keçirirdik – idman stadionunda oyunlar oynayır, hava şəraiti yaxşı olduqda kamp edirdik. Sivas şəhəri dağlarla əhatə olunub. Hərdən dağlara piyada qalxmaq ən sevdiyimiz məşğuliyyətlərdən birinə çevrilmişdi”.

- Nərmin Murtuzzadə: “Erasmus+ mübadilə proqramının ən gözəl tərəfi yeni mühit görüb, yeni insanlar tanımaqdır. Biz də Avropanın müxtəlif ölkələrindən olan insanlarla tanış olduq və onlarla qarşılıqlı fikir mübadiləsi apardıq. Qarşılıqlı şəkildə dövlətlərimizin adət-ənənələri və özünəməxsus mədəniyyəti ilə tanış etməyə çalışdıq. Bu fürsəti bizə yaratdığı üçün BDU-nun rəhbərliyinə və bu yolda bizə dəstək olan hər bir BDU əməkdaşına dərin təşəkkürümü bildirirəm”.

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Xəbər lenti