Ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılır.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.
Ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri şəxsən təqdim etməklə martın 9-dan etibarən elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-ların siyahısı qəbul elanında və bu səhifədə var.
İmtahan vermədən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən may ayında internet vasitəsilə aparılacaq. Qəbul imtahanında iştirak etmək istəyən subbakalavrlar isə martın 17-dək saytımıza daxil olub “Abituriyentin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidirlər.
Abituriyentlər ərizə qəbulu ilə bağlı martın 9-dan etibarən DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron ərizələrində “Təsdiq et” düyməsi aktiv olan abituriyentlər ərizəni özləri təsdiq edir və onların SQK-ya müraciət etmələrinə ehtiyac yoxdur.