2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7332 əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edirlər.
Bu rəqəm müstəqillik illərindən sonra qeydə alınan ən yüksək göstərici olsa da, həm xaricdə təhsil alan 40 min tələbəmizin sayından, həm də qonşu ölkələrin müvafiq göstəricilərindən dəfələrlə aşağıdır. 4 milyona yaxın əhalisi olan Gürcüstanda son açıqlanan rəqəmə görə, 17 min əcnəbi tələbə təhsil alır, Azərbaycanda isə rekord göstərici bu il 7 minə çatıb.
Təhsil eksperti Kamran Əsədov deyir ki, universitetlərin reytinqinin müəyyənləşməsində əsas meyarlardan biri olan əcnəbi tələbə sayında ölkəmizin irəlidə olmamasının çoxsaylı səbəbləri var.
Bir tələbə özünə xaricdə universitet seçərkən mütləq bütün xərcləri gözdən keçirir. Xərclər isə təkcə təhsilhaqqı ilə məhdudlaşmır. Universitetlərin yataqxana problemi də xərcləri artırdığından, ölkəyə gələcək tələbələrin axınına mənfi təsir edir.
Kamran Əsədov yerli universitetlərdə təhsilin keyfiyyətinin aşağı olmasının da bu məsələdə rol oynadığını düşünür.
Ölkəmizdə təhsil alan tələblərin sayının qənaətbəxş olmaması ilə bağlı məsələyə münasibət bildirən Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov isə deyir ki, bu göstəricilər daha çox universitetlərdən asılıdır. Ölkəmizdə universitetlərə əcnəbi tələbə qəbulu məsələsində muxtariyyət verilib və onlar müxtəlif proqramlarla əcnəbi tələbə qəbulunda maraqlı olmaldırlar.
Təhsil Nazirliyinin Azərbaycanın təhsil imkanlarının təbliği ilə məşğul olduğunu deyən sektor müdiri "Study in Azerbaijan" proqramı ilə əcnəbi tələbələrin ölkəmizə cəlb olunduğunu bildirib. Universitetlərdə beynəlmilələşmiş proqramların çoxaldılmalı olduğunu deyən Müjdət Həsənov hökumətlərarası təqaüd proqramı ilə 69 ölkədən 201 əcnəbi tələbənin Azərbaycanda dövlət hesabına təhsil aldığını da qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: