Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru həmin liseyin kimya müəllimi Arif Bədəlov tərəfindən valideynlərdən pul almaqda ittiham olunub.
Tehsil.biz xəbər verir ki, A.Bədəlov sosial şəbəkədə paylaşdığı məlumatda “Zəngi” liseyində təhsil alan X sinif şagirdlərinin valideynləri tərəfindən direktora pul ödənildiyini və bu səbəbdən övladlarını dərslərə yollamadıqlarını iddia edib.
Məsələ ilə bağlı sözügedən liseylə əlaqə saxladıq. Liseyin direktor müavini Nigar Məmmədova "Tehsil.biz"ə bildirdi ki, yayılan məlumat tamamilə əsassızdır və şər-böhtan xarakteri daşıyır: "Həmin müəllim liseyimiz haqqında bəzi prinsiplər aparmış və haqsız durumda olduğunu bilərək haqqımızda yalan məlumatlar yaymışdır. Bunun nəticəsidir ki, A.Bədəlov bu gün də boş sinifə dərs keçdiyini bildirmiş, valideynlərin direktora pul verməsi kimi həqiqətə uyğun olmayan fikirlər irəli sürmüşdür. Lakin həmin sinifdə təhsil alan şagirdlərin valideynləri tərəfindən Arif müəllimlə əlaqə saxlanılıb və yalan məlumatı yaymaqda məqsədinin nə olduğunu öyrənməyə çalışıblar. Arif Bədəlov isə səhv etdiyini, liseydəki fəaliyyətini dayandıraraq Almaniyaya gedəcəyini bildirib. Buna baxmayaraq, lisey haqqında yalan informasiya yaydığına görə A.Bədəlov haqqında ciddi tədbir görülməsi üçün müvafiq qurumlara müraciət olunacaq və həmin şəxs qanun qarşısında cavab verəcək".
Fəqan Əzimli