Logo

Dünyaca məşhur bankda yüksək vəzifə tutan azərbaycanlı – MÜSAHİBƏ

25.06.2022 19:45 557 baxış
IMG

Samir Musayev: “İşin onları tam qane etməsə də, birbaşa demirlər. Deyirlər ki, bunu düz edibsən, yaxşıdır, amma daha yaxşı olması üçün, bəlkə, filan cür edək? Diplomatik formada deyirlər. Elə bil uşaqla danışırlar. Bir-birlərinin qəlbinə dəyməkdən qorxurlar. Səhvi həssaslıqla deyirlər”.

Hazırda Kanadada işləyir, təhsilini Rusiyada alıb, bir müddət Türkiyədə də yaşayıb. Deyir ki, hansısa ölkəyə bağlı olmaqla bağlı konkret bir istəyi yoxdur. Azərbaycanın bank sahəsinin inkişafına töhfə vermək üçün təklif olarsa, ölkəyə qayıda bilər. “Yaxşı təkliflərə həmişə açığam” deyən Samir Musayev HSBC Bankın Kanada ofisində vitse-prezidentin köməkçisidir. Bildirək ki, HSBC dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlarından biridir. Bankın dünyada 10.000-dən çox ofisi, 82 ölkədə 312.000 dən çox işçisi və 125 milyondan çox müştərisi var. Samir Musayev 1987-ci ildə Bakıda anadan olub. Ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Beynəlxalq iqtisadi əlaqələr fakültəsində Beynəlxalq kommersiya və marketinq sahəsi üzrə alıb. Azərbaycanda iki böyük bankda çalışıb.

“Kaspi” qəzeti Samir Musayevlə müsahibəsini təqdim edir.

“Həmin müraciətimin səbəbinə gəlincə...”

- İqtisadi sahədə təhsil alıbsınız, karyeranız da bu yöndədir. Tələbə vaxtı universitetin ŞHK (Şən və Hazırcavablar Klubu) komandasında fəaliyyətiniz olub. Bu istiqamətə marağınızla başlayaq...

- Mən həmişə səhnəni xoşlamışam, ŞHK də səhnədə bir istiqamətdir. Moskvada oxuyanda diqqət etdim ki, universitetdəki ŞHK komandaları fakültə komandalarıdır. Azərbaycanlılardan ibarət qrup yaratmağı təklif etdim, yaratdıq da. Tələbəlik müddətində 3 il o komandada fəaliyyət göstərdim. Bir dəfə böyük liqada çıxış edən “Parapaparam” komandasını udaraq institut qalibi olduq. Ondan sonra bir müddət bu sahədə fəaliyyəti genişləndirmək haqqında da düşünürdük. Çünki o imkanlar var idi. Amma sonra fikirləşdik ki, öz sahəmizin arxasınca getsək, daha yaxşı olar.

- Təhsili başa vurandan sonra Azərbaycanda işləyibsiniz. Rusiyada təhsil aldığınız müddətdə işlə bağlı cəhdiniz olmamışdı?

- Yox, çünki universitetdə oxumaq çətin idi, fikrimi təhsilə vermişdim, iş axtarmırdım.

- Bəs universiteti bitirəndən sonra?

- Evin tək uşağı idim, ona görə valideynlərimin yanına qayıtmaq istəyirdim. Digər tərəfdən, nişanlım (indi evliyik) da Bakıda idi deyə, Rusiyada çalışmaq haqqında düşünmürdüm.

- Azərbaycana döndükdən sonra bank sektorunda işləməyə başladınız. Əvvəldən istəyiniz belə idi?

- Mənim sahəm iqtisadiyyatla bağlı olsa da, ilk növbədə diplomatik sahə idi. Xarici İşlər Nazirliyində işləmək haqqında fikirləşirdim. Ancaq fikrimi dəyişməyimin səbəbi vardı. Deməli, Bakıya yeni qayıtmışdım, indi böyük sayılan banklardan biri həmin vaxt yeni yaranırdı. İş elanı vermişdilər, müraciət etdim. Həmin müraciətimin səbəbinə gəlincə, deməli, hazırda çalışdığım HSBC Bankın filialı əvvəllər Azərbaycanda da var idi. HSBC Azərbaycanda fəaliyyətini dayandıran zaman işçilərin çoxu yeni yaranan banka getdilər. O təcrübə mənim üçün maraqlı gəlirdi və həmin bankda işləmək istəyi yarandı. Müraciət etdim. 5-6 ay davam edən cürbəcür yoxlamadan keçirdilər, sonra işə qəbul etdilər. Orda işə kassir olaraq başladım.

- Karyeraya kassir kimi başlayıbsınız, təxminən 7 il sonra Kanadaya gedib başqa bir bankda korporativ biznesin rəhbəri oldunuz. Qısa müddətdə karyerada belə yüksəlişin əsas səbəbi nə idi?

- İlk olaraq işləmək lazımdır. İşə gedib-gəlməyi, iş gününü yola verməyi demirəm, həqiqətən işləməyi nəzərdə tuturam. İş mühitində dedi-qodulardan, münaqişələrdən uzaq durmaq önəmlidir. Münasibətləri yaxşı qurmaq lazımdır ki, sizə qarşı pislik edən olmasın. Özünü qorumaq lazımdır. Bir də daim öz üzərində işləməlisən. Yeni şeylər öyrənmək, başqa departamentlərə, başqa şirkətlərə keçmək lazımdır. Bir bankda bir təcrübə qazanırsınız, başqa banka keçmək başqa təcrübədir. İşlədiyim hər bankda fərqli təcrübə qazanmışam.

“Valideynlərim də həmişə deyiblər ki...”

- Azərbaycanda bank sahəsində çalışanların çoxu adətən karyeralarına fokuslanırlar, doktorantura təhsilinə çox az adam gedir. Siz işləyə-işləyə təhsilinizi davam etdiribsiniz. Bu təhsil sizə iş prosesində lazım olurdu, yoxsa elmi istiqamətə marağınız var?

- Elmi sahədə fəaliyyət o deməkdir ki, bu istiqamətlə bağlı ölkəyə yenilik, inkişaf gətirmək istəyirsən. Bank sahəsində çalışırdım, işlədikcə bu sahənin inkişafı üçün nələr lazım olduğunu görürdüm və onları necə tətbiq etməyi də bilirdim. PHD mövzum da bank haqqında idi. Dissertasiya müdafiəsi vaxtı professorlardan biri demişdi ki, adətən elmi işlərdə  praktika haqqında az məlumat olur, nəzəriyyə çox. Məndə isə əksinə, praktiki yönün çox olduğunu demişdi. Dedi ki, bu, çox yaxşıdır. Doktorantura təhsilinin iş prosesində lazım olmasına gəlincə, Azərbaycanda olanda təhsilimi hələ başa vurmamışdım. Ona görə də iş mühitində hər hansı fərq yaradıb-yaratmayacağı haqda nə isə deyə bilmərəm. Amma Kanadada fərq görünür. Mənə təkcə bankçı yox, elm adamı kimi baxırlar. Təklif edirlər ki, universitetdə də mühazirə deyim, təcrübəmi tələbələrlə bölüşüm.

- Kanadaya getdiyiniz ərəfədə Azərbaycanda banklardan birində korporativ biznesin müdiri olubsunuz. Belə bir vəzifəni buraxıb getmək?

- Əgər öyrənmək, inkişaf etmək istəyirsənsə, başqa ölkələrdə yaşamaq, təhsil almaq, işləmək kimi təcrübələri sınamaq lazımdır. Başqa yerlərin təcrübəsini götürüb sonra ölkəndə tətbiq edə bilərsən. Ölkəni irəli aparmaq üçün fərqli ölkələrin təcrübəsini öyrənmək vacibdir. Hər ölkənin təcrübəsində müsbət və mənfi tərəflər var. Müsbətləri öyrənib ölkəyə gətirsək, mənfilərimiz daha da azalar.

- Kanadaya getdikdən sonra London Bank və Maliyyə İnstitutunun sertifikatını alıbsınız. Kanadada işləmək üçün əlavə bilik və bacarıqlara yiyələnmək lazım gəldi?

- Əslində, işləmək üçün lazım deyildi, sadəcə bank təklif etdi ki, itəyirsənsə, ala bilərsən. Mən ticarət maliyyəsi sahəsində işləyirəm deyə, fikirləşdim ki, niyə də yox, bu sertifikat da olsun. Valideynlərim də həmişə deyiblər ki, öyrənmək bütün yaşlarda yaxşıdır. Əlavə bir sertifikat olmasının ziyanı yoxdur (gülür).

- Yəni Kanadada iş tapmaq çətin olmadı...

- Bəli (gülür). İş tapmağım rahat oldu. Düzdür, heç də hər kəs üçün rahat olmur. Bəzən Bakıdakı işlərini buraxıb gəlirlər, burda uzun müddət peşələrinə uyğun iş tapa bilmirlər, ilk vaxtlar pul qazanmaq məqsədli başqa sahələrdə çalışırlar, yaxud əlavə təhsil alırlar. Amma mən problem yaşamadım. İyun ayında Kanadaya gəldim. Sentyabrın ortalarında iş axtarmağa başladım, oktyabrın axırı təklif aldım.

- Kanadaya getdiyiniz ilk aylarda niyə iş axtarmadınız ki?

- Yay ayında gəlmişdim, hər kəs tətildə idi. Əvvəlcə tək gəldim, ailəm mənə 4 ay sonra qoşuldu. Özüm tez gəlmişdim ki, tətil müddətində ölkəni kəşf edim. Adi misal çəkim, Kanadaya yeni gələndə marketə gedəndə hansı yağı alacağını bilmirsən. Azərbaycanda Türkiyə, Rusiya, Avropa və s. brendləridir. Burda isə Meksika, Kanada, Avstraliya və s. Hər şey sənin üçün yenidir, mentalitet başqadır. Alışmaq lazımdır. Alışmaq, ölkəyə yerləşmək, iş axtarmaq üçün kurslar da var. Orda “CV necə hazırlanmalıdır?”, “İş axtaranda nələrə diqqət etməlisən?”, “Netvörkinqi necə qurmalıyıq?” və s. kimi mövzularda təlimlər keçirilir. Kanadada iş yerlərində özünü necə aparmaqla bağlı kursa da getdim.

“Kanadada bürokratiya daha çoxdur”

- Kanadanın iş mühitində bizdən fərqli olan nə var?

- Məsələn, Azərbaycanda müdir əməkdaşın işini bəyənməyəndə, yaxud nə isə dəyişiklik istəyəndə konkret olaraq “xoşuma gəlmədi, bunu dəyiş” deyir. Burda sənin işin onları tam qane etməsə də, birbaşa demirlər. Deyirlər ki, bunu düz edibsən, yaxşıdır, amma daha yaxşı etmək üçün, bəlkə, filan cür edək? Diplomatik formada deyirlər. Elə bil uşaqla danışırlar. Bir-birlərinin qəlbinə dəyməkdən qorxurlar. Səhvi həssaslıqla deyirlər.

- Kanadada rahatlıqla iş tapdığınızı dediniz. Amma böyük şirkətlərdə işə qəbul prosesi müəyyən qədər zaman alır.

- HSBC Bank ilk müsahibədən sonra dedi ki, gəl bizdə işlə. Eyni vaxtda Kanadanın ən böyük bankı olan RBC-də (Royal Bank of Canada) də müsahibədə iştirak edirdim. Orda işə qəbul üçün 6 müsahibədən keçmişdim. 6-cı müsahibəni keçdim, məni işləyəcəyim qrupla və onun rəhbəri ilə tanış etdilər. İşə qəbul edəcəkdilər, həmin vaxt HSBC-dən zəng vurdular. Mən də bu bankda işləməyi çox istəyirdim. Həm də ilk müsahibədən sonra “Gəl bizdə işlə” demələri də xoşuma gəlmişdi (gülür).

- Kanada ilə Azərbaycandakı bank sektorunu müqayisə edirsiniz?

- Azərbaycanın bank sahəsində tətbiq edilməli olan yeniliklər var, ancaq ümumilikdə bank sahəmiz geridə deyil. Bank sektorunda görülən işlər arasındakı fərqə gəlincə, Kanadada bürokratiya daha çoxdur. Çirkli pulların yuyulması, terroristlərin maliyyələşməsi elə səviyyədədir ki, bank işçiləri hər şeyə o prizmadan baxmalıdırlar.

- Dediniz ki, başqa ölkələrin təcrübəsini öyrənmək lazımdır ki, sonra ölkəndə tətbiq edə biləsən. Qayıtmaq niyyəti ilə gedibsiniz?

- Kanada yaşadığım 4-cü ölkədir. Uşaq vaxtı 4 il Türkiyədə, təhsil aldığım müddətdə 6 il Moskvada yaşamışam. İndi də Kanadadayam, biri də, təbii ki, Azərbaycanımız. Hansısa ölkə ilə bağlı “bundan sonra burda qalacam” deyə konkret bir qərarım yoxdur. Yaxşı təkliflərə həmişə açığam. Sabah Azərbaycandan deyə bilərlər ki, Kanada təcrübən var, bura gəlməyini istəyirik. Azərbaycanın bank sahəsinin daha da inkişaf etməsi üçün təklif olarsa, təbii ki, qayıda bilərəm.

Xəbər lenti