ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisasının tələbəsi Fidan Namazova rektor Hafiz Paşayevdən müsahibə alıb.
Müsahibəni təqdim edirik:
- Hafiz müəllim, ADA Universiteti ilk dəfə olaraq Milli Mətbuat Gününü özünün kommunikasiya və rəqəmsal media ixtisası ilə qeyd edir. Yeni ixtisası açmaqla Siz, bu sahəyə hansı dəyişiklikləri gətirmək istəyirdiniz?
- Doğru qeyd edirsiniz. Bizim ötən tədris ilində başladığımız kommunikasiya və rəqəmsal media ixtisası üzrə ilk tələbələrimiz təhsil ilini bitirib ikinci kursa keçirlər. İlk qrupumuz 40 yerli və dörd əcnəbi tələbədən ibarət idi. Bu il ixtisasa qəbul davam edir. Xüsusilə, xaricdən müraciətlər ADA-dakı kommunikasiya ixtisasına marağın artdığını göstərir. Mənə elə gəlir ki, bu sahəyə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır. Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı-sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var.
- Yeni dövrün jurnalistlərini necə görürsünüz?
- Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsət aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı. Mən medianı izləyərkən, hətta jurnalistlərin özünün də bu subyektivliyə məruz qaldığının şahidi oluram. İnformasiya bolluğunda yaşasaq belə, obyektivliyi qorumaq, faktları yoxlamaq, qərəzsiz materiallar hazırlamaq çox vacibdir. Əks təqdirdə, ictimaiyyət mediadan lazımı fayda ala bilməz. Burada, həmçinin işıqlandırılacaq mövzuların seçimini nəzərə almaq lazımdır. Mən Azərbaycanın ABŞ-dakı səfiri olanda hər səhərimi “Vaşinqton Post”u vərəqləməklə başlayırdım. Çünki nəinki öz ölkəmdə, bütün dünyada baş verənlər barədə operativ və qərəzsiz məlumat almalı, bunu düzgün şəkildə təhlil edib qərarlar çıxarmalı idim. Bu günlərdə, media gündəmini nəzərdən keçirmək insanları aqressivdən tutmuş depressivə qədər müxtəlif emosional hala salır. İşıqlandırılan mövzularda axtardığımız həll yollarını mühakimələr əvəzləyib. Halbuki jurnalistlər məsələləri aydınlatmalı, səbəblərini izah etməli, ictimaiyyətin gözləntilərinə cavab verməlidilər. Lakin onlayn media dövründə məlumat bolluğu çox vaxt materialların səthi və natamam hazırlanmasına gətirib çıxarır. Ümid edirəm, ADA-nın yetirmələri jurnalistikanın və medianın əsl missiyasına sadiq qalacaqlar.
- Bu sahəni yaxşı tədris etmək üçün ADA-da kifayət qədər potensial varmı?
- Hesab edirəm ki, biz, son 16 ildə tədrisdə öz sözümüzü demişik. ADA Universiteti təsis olunduğu gündən iş bazarını yaxından izləyərək Azərbaycanın ehtiyac duyduğu insan resursunu yetişdirməyə çalışır. Müəllimlər və jurnalistlər arasında oxşarlıqlar çoxdur. Onların hər ikisi auditoriyası ilə səmərəli şəkildə ünsiyyət qurmalı, bitərəf qalaraq auditoriyasını müzakirə olunan məsələlərdə maraqlandırmalı, mürəkkəb mövzuları anlaşılan dildə izah etməlidir. Araşdırılan məsələlərdə boşluq aşkar etdikdə, onu tədqiq etməli, çıxış yolu tapmalıdırlar. Bütün bunları bacarmaq üçün isə əvvəlcə auditoriyanı yaxşı başa düşməli, onların maraqlarını qorumalı və onlara xoş niyyətlə yanaşmalıdırlar. Əlbəttə, hətta sinif otağında bütün tələbələr eyni olmur. Aralarında həvəssiz, şuluq, məsuliyyətsizləri də var. Amma müəllimin işi onların hamısını səbirlə maarifləndirmək, həyatda lazım olacaq bilik və bacarıqları öyrətməkdir. Medianın da işi ictimaiyyətin maraqlarından irəli gələrək onlara mütərəqqi istiqamətdə bələdçilik etməkdir. ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Media sahəsi onlardan biridir. Prezident İlham Əliyevin ölkədə media sahəsində islahatlara dəstək məqsədilə ötən il yaratdığı Medianın İnkişafı Agentliyi fəaliyyətini qurarkən ADA Universitetini ilk gündən akademik tərəfdaş kimi seçib. Tədris mərkəzimizdə media, ictimaiyyətlə əlaqələr mövzusunda çoxsaylı təlimlər və konfranslar keçirilir. Düşünürəm ki, bu proses tədricən ölkədə media sahəsinə yeni sağlam meyillər gətirəcək.
- ADA tələbələriniin əksəriyyəti gənc nəslə aiddir. Bu nəsil haqqında nə düşünürsünüz və onlardan gözləntiləriniz nədir?
- Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oynayıb. Universitetimizdə elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər. Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiiliyindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır. Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək.
- Müsahibə üçün təşəkkür edirəm, Hafiz müəllim.