Logo

"Təhsil eksperti" kimə deyilir? - İZAH

09.08.2022 10:57 1686 baxış
IMG

"Yəqin ki, təhsil sahəsi ilə az-çox maraqlananlar bilməmiş deyillər ki, mahiyyət etibarı ilə dar mənada “ekspert” latın sözü olub (expertus) – təcrübəli, geniş mənada götürdükdə isə müəyyən edilmiş praqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi anlamına gəlir".

Bu fikirləri "Tehsil.biz"ə təhsil üzrə ekspert Nadir İsrafilov bildirib.

O bildirib ki, bununla belə bizdə “ekspert” anlayışına münasibət heç də hamı tərəfindən birmənalı olmayıb, bir çoxları tərəfindən qısqanclıqla qarşılanır, bəziləri tərəfindən isə hətta məsxərə obyektinə çevrilir: "Çünki, bizdə hələ ki, ekspert institutu formalaşmayıb, baxmayaraq ki, ekspert qismində təqdim olunanlar o qədər də az deyil. Hazırda bu proses kortəbii şəkildə həyata keçirilir. Amma dünya təcrübəsində bir çox ekspert institutları fəaliyyət göstərir ki, müəyyən tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması və digər zəruri məsələlərin həllində onların xidmətlərinə geniş istinad olunur".

Nadir İsrafilov bildirib ki, msələn, mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilsə də əslində bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir: "Bunun üçün ayrıca institut formalaşdırılmayıb və buna dair ayrıca diplom da verilmir. "Təhsil eksperti” deyilən vəzifə də yoxdur. Sadəcə olaraq ölkəmizdə lazımı qədər ekspert qismində tanınan müəyyən təcrübəyə malik mütəxəssislər var və onları əvəz edə biləcək yeni qüvvələr də formalaşır".

Mütəxəssisin sözlərinə görə, kimin özünü ekspert adlandırması və ya kiminsə kimlərisə ekspert qismində təqdim etməsindən asılı olmayaraq, kimlərin aidiyyəti sahədə hansı mənsəb sahibi olduğunu maraqlı tərəfin nümayəndələri və media mənsubları daha yaxşı bilir və onlara müraciət edərək müvafiq açıqlamalar alırlar: "Bu, qeyri-rəsmi fəaliyyət sahəsi ilə məşğul olanları isə istər ekspert adlandıraraq onlara mütəxəssis, texnoloq, bloger deyək, kim özünü və kimlərsə kimi ekspert, mütəxəssis, bloger, texnoloq, araşdırmaçı və digər statuslarda görürsə, özləri bilər və bilməsələr də, heç bir qorxusu yoxdur, çünki kimin kim olduğuna “xalqın gözü tərəzidir” prinsipi ilə baxılır".

N.İsrafilov bir məqamın nəzərə alınmasının vacib olduğunu vurğulayıb: "Sadəcə olaraq bir zəruri məqamın nəzərə alınması vacibdir ki, hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspertin” irəli sürdüyü müddəa, verdiyi rəy, təklif, praqnoz heç də “quran ayəsi” olmayıb, gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyildir".

Xəbər lenti