Logo

"Cəsarət Valehov ictimaiyyəti çaşdırdı, yalan danışdı"

21.09.2022 16:02 1015 baxış
IMG

`Təhsildəki bir neçə ciddi məsələ barədə yazı yazdım. Nazirin tapşırığı ilə bunların yalnız birinə-əcnəbi tələbələrin təhsili ilə bağlı məsələyə cavab verməyə çalışdılar. Əvvəllər olduğu kimi dünən də Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov ictimaiyyəti çaşdırdı, yalan danışdı. Dedi ki, əcnəbi tələbələrin qəbulunda ali məktəblər müstəqildir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, əslində ya nazir, ya da Beynəlxalq əlaqələr şöbəsi bu sualın cavabını verməli idi: "Nazir müavinləri isə tam səlahiyyətsiz olduqlarından bu məsələni də Cəsarət Valehovun üstünə yıxdılar. O isə yalan danışmağa məcbur oldu. Bir daha izah edirəm, Azərbaycana təhsil almağa gəlmək istəyən əcnəbi tələbələr Elm və Təhsil Nazirliyinin müvafiq portalından qeydiyyatdan keçməsə, ali məktəblər onları qəbul edə bilməzlər. Dəhşət burasıdır ki, portal Azərbaycan dilindədir. Həmin portaldan qeydiyyatdan keçməyən tələbəyə viza verilmir. Bunu necə danmaq olar? Jurnalistlər bu barədə Dövlət Miqrasiya Xidmətinə sorğu verə bilərlər".

Etibar Əliyev Cəsarət Valehovun əcnəbi tələbələrin sayını da yanlış söylədiyini bildirib: "Böyük universitetlərə gələn əcnəbi tələbələrin sayı 400 nəfərə çatmır. İkincisi, 2500-dən çox tələbə isə (əsasən İrandan və Türkiyədən) Tibb Universitetinə qəbul olunub. Əslində nazirliyin bu cür məqamları danmaqda məqsədi nədir? Əsas məqsəd portallara xərclənən milyonlarla manat vəsaitin üstünü ört-basdır etməkdir. Müvafiq qurumlar təhsilin İnformasiyalaşdırılması İdarəsinin bu işlərə sildiyi milyonlarla manat vəsaitin haqq-hesabını çəkilməlidir. İlərdir, "Elekron məktəblər" deyib car çəkirlər, hələ onu görən bir nəfər də olmayıb. Cəsarət Valehova tapşırıq olsa, bu faktı da danar".

Xatırladaq ki, deputat Etibar Əliyev ali məktəblərə xarici tələbələrin qəbulunun Elm və Təhsil Nazirliyi tərəfindən aparılmasının absurd olduğunu bildirmişdi, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə millət vəkilinin fikirlərinin tamamilə yalan olduğunu, əcnəbilərin təhsilində universitetlərin tam müstəqil olduğunu qeyd etmişdi.

Xəbər lenti