Bakı Dövlət Universitetinin dosenti, tanınmış ziyalı Fikrət Şiriyevin 65 yaşı tamam olur. Uzun müddət BDU-da müxtəlif rəhbər vəzifələrdə çalışan dilçi alimin müsahibəsini təqdim edirik.
90 ildə ən yaxşı 9 məzundan biri
- BDU-nun Həmkarlar İttifaqının sədri, müəllim, dilçi alim, şair, jurnalist... Sizi fərqli formalarda təqdim etmək mümkündür. Amma maraqlıdır, siz öz baxış bucağınızdan özünüzü necə təqdim edə bilərsiniz?
- Mən özümü Bakı Dövlət Universitetinin fanatı adlandırmaq istərdim. Universitet mənim həyatımdır! Mənim həyatımda olan digər sadaladıqlarınız və demədikləriniz universitetin fonu ətrafında olanlardır. Təbii ki, ailə, dostlar, övladlar, nəvələr kimi digər amillər də var, amma mən ömrümün-günümün çox hissəsini keçirdiyim universitet üzərində daha çox dayanmaq istəyirəm. Qeyd etdiyiniz alimlik, bədii yaradıcılıq, məmurluq kimi digər titullar universitetin çevrəsində olan məsələlərdir. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən universiteti yaxşı qiymətlərlə başa vurmuşam. Bakının ən qədim məktəblərindən birini - 56 nömrəli orta məktəbi bitirmişəm. O məktəb 1884-cü ildə Bakıda neft istehsalı olan ərazidə - Qara şəhərdə qurulmuş ilk məktəblərdən biri idi. Biz oranı bitirən zaman həmin məktəbin 90 illiyi tamam olurdu. Bu müddət ərzində məktəbin 9 ən yaxşı (hər on ilə bir nəfər olmaqla) məzununun adı məktəbin tarix lövhəsində yazılmışdı. Fəxr edirəm ki, 90 il ərzində olan ən yaxşı 9 məzundan biri də mən idim. Bunu nə üçün deyirəm? Bəlkə də mən başqa sahəyə maraq göstərsəydim, böyük maddi imkanlara malik olardım, yaxud daha firavan şəraitdə yaşaya bilərdim. Ancaq mənə elə gəlir ki, bu, mənim mənəvi zövqümün təminatçısı olan BDU ilə müqayisə olunmayacaq dərəcədə çox cılız olardı.
Ən ağıllı gənclərlə ən yaxşı müəllimlərin vəhdəti
- Artıq 40 ildən çoxdur ki, BDU-da işləyirsiniz. Sizi bura bağlayan əsas amillər hansılardır?
- Universitetdə işləmək mənim üçün böyük xoşbəxtlikdir. Universitetin ziyalı təbəqəsi ilə həmişə qürur duyuram. Burada gözəl bir ailə ənənələri mövcuddur. Universiteti həyatımın ayrılmaz parçası hesab edirəm. Digər tərəfdən, insan daim yenilik axtarır, nəsə təzə bir şey görmək, eşitmək istəyir. Universitetin ən böyük üstünlüyü odur ki, burada daim yenilənmə prosesi gedir, yeni nəsillər gəlir, yeni alimlər yetişir, yeni əlaqələr yaranır, hətta hər bir təkrarlanan hadisə də yeni formada olur və s. Maraqlı məqamlardan biri də budur ki, 5 il əvvəl dərs dediyin tələbəni hansısa yüksək dövlət postunda görə bilir, onun həyatda qazandığı uğurların şahidi olursan. Yaxud, üstündən uzun illər keçəndən sonra dərs dediyin tələbə hardasa qarşına çıxır, adını da unutduğun həmin adam sənə elə hörmətlə yanaşır ki, sanki o illərdə edə bilmədiyinin əvəzini qaytarır. Beləcə müxtəlif aspektlərdən yanaşmaq olar, ona görə inanmıram ki, universitetdən doymaq mümkün olsun. Həm intellekt, həm də fiziki baxımdan daim yeniləşmə gedən sağlam bir cəmiyyətdə çalışırıq. Bizim universitetdə əməkdaşlı-tələbəli 25 minə yaxın insan var. Sadə məsələ deyil, kollektivimiz təxminən 100 il müddətində formalaşıb. Bu illər ərzində BDU möhtəşəm bir ocaq kimi yetkinləşib. Bunda təbii seçim amili çox mühüm rol oynayıb. Məsələn, yalnız hər bir kəndin, məktəbin yox, hətta rayonun ən yaxşı şagirdi bizim universitetə daxil ola bilib. Onların arasından seçilən ən yaxşı tələbə də universitetdə işləmək üçün saxlanılıb. Ona görə də ölkənin ən yaxşı müəllimləri burada fəaliyyət göstərib. Ən ağıllı gənclərlə ən yaxşı müəllimlərin vəhdəti olub...
İndiki tələbələrin beyni daha sürətlə çalışır
- BDU-nun tələbəsi olmusunuz. Maraqlıdır, sizin dövrün tələbələri ilə indiki tələbələr arasında hansı fərqlər var? Həm də bir müəllim kimi indiki gəncləri necə qiymətləndirirsiniz?
- Çox yaxşı! İntellektli, ağıllı, tədbirli, özünə inamlı! Fikrimcə, dünyadakı insanları optimist və pessimist olaraq iki hissəyə bölmək mümkündür. Düzdür, mən özümü çox optimist hesab etmirəm, amma realist insanam. Bugünkü gənclik heç də bizim dövrün gəncliyindən geri qalmır. Müəyyən fərqli amillərin olduğunu danmaq olmaz. Biz o vaxt müəllimin mühazirələrinə diqqətlə qulaq asıb onun ətrafında hazırlaşıb cavab verirdik. Amma bu gün internet vasitəsilə müəllimin dediyi mühazirədən daha geniş məlumatlar əldə etmək olur. O zaman bilik əldə etmək üçün yalnız müəllim və kitab var idi. İndi görün nə qədər geniş imkanlar mövcuddur. Mənə elə gəlir ki, indiki tələbələrin beyni daha sürətlə çalışır. İnsan beyni təsəvvür etdiyimizdən xeyli çox yükgötürmə qabiliyyətinə malikdir və belə olduğu halda da daha yaxşı çalışır. Məsələn, çox torpaq götürüb daha uzağa ata bilməzsən, yük az olsa, onu daha uzağa ata bilərsən. Amma insanın beyni bu cür fiziki nümunələrdən fərqlidir. Daha çox yük götürəndə daha yaxşı çalışmağa başlayır. İnsanlar çox oxuduqca, beyin daha çox yükləndikcə yaddaşlı, məntiqli və mühakiməli olurlar. Oxumaq, öyrənmək insan beyninin yanacağıdır. Bugünkü gənclər daha çox informasiya qəbul etmək baxımından o illərin gənclərindən irəlidədirlər, deməli, türklər demişkən “kafaları daha yaxşı çalışır”. Deməli, sağlam məntiq gənclərin xeyrinə qərar qəbul etməyə əsas verir. Təbii ki, mühazirələrinə qulaq asmayan tələbələrdən narazılıq edən müəllimlər də var. Belə halda o müəllimlər “indiki uşaqlar fərqlidir, heç bizə qulaq asmırlar” kimi fikirlər səsləndirirlər. Halbuki, onlar bəlkə də, mühazirələri zəif olan müəllimlərdir və bu gün “ondan çox bilən” tələbəni qane edə bilmirlər və s. Bu, başqa bir söhbətin mövzusudur.
Mən tələbələrimlə dostluq edirəm
- Tələbə-müəllim münasibətlərində o vaxt sərhəd var idi, amma indi azadlıqdır. Siz necə düşünürsünüz, hansı daha faydalıdır?
- Məncə, tələbə və müəllim arasında sərhəd olmamalıdır. Mən tələbələrimlə dostluq edirəm, hətta Facebook-da, WhatsApp-da onlarla yazışır, müəyyən məsləhətlər verirəm. Bunun nəticəsi daha faydalı olur. Gənclərə müstəqillik vermək lazımdır. Bu zaman onlardan daha çox şey almaq olur. Öz təcrübəmdən deyə bilərəm ki, tələbələrlə biz açıq müzakirələr edib tədris proqramında olan bəzi problemləri müəyyənləşdirə bilirik. Dərs dediyim fənn üzrə onların təklif və iradlarını dinləyirəm. Bu məsələləri kafedra səviyyəsində də müzakirə edib həllinə çalışırıq. Digər tərəfdən, uşaqlarla dost və ya valideyn kimi davranan zaman onlar tədris prosesinə daha maraqlı və həvəsli olurlar. Fikrimcə, məhəbbət hər şeyin ən yaxşı çarəsidir. Axı qorxduğun adamı, ya səndən qorxan adamı sevə bilməzsən. Sevməsən də, onun dediyi fənni sevə-sevə öyrənə bilməzsən. Qorxudan öyrəndiyin isə ən yaxşı halda imtahana qədər, qiymət alana kimi səninlədir... Hər halda səmimi münasibətlər həm müəllimlərin, həm də tələbələrin xeyrinədir. Dünyanın inkişaf etmiş ölkələrində cəmiyyəti irəli aparan əsas mühərrik universitetlərdir. Çünki universitetlər yeni nəsil formalaşdırır və bilik, elm daim inkişaf edir. Dünya universitetlərinin təcrübəsi göstərir ki, müəllim və tələbə arasındakı münasibət səmimi olduğu təqdirdə universitet daha böyük uğurlara nail olur.
- Sosial şəbəkələri vurğuladınız. “Əkinçi”də belə bir cümlə var idi: “Zəmanə sənə saz ola bilmirsə, sən zəmanəyə saz ol”. Maraqlıdır, siz zəmanəyə saz ola bilirsinizmi? Sosial şəbəkələr, texnologiya dövrünə uyğunlaşma prosesiniz necə oldu?
- Mənə elə gəlir ki, bu, zəruri bir şeydir. Bugünkü nəsil elektron vasitələrlə daha tez dil tapa bilir. Bizim yaşda olan adamlar üçün bu məsələ bir az çətindir. Mənim beş yaşında nəvəm telefonu da, kompüteri də məndən yaxşı idarə edir. Halbuki, 60 illik yaş fərqimiz var. Amma bilirəm ki, kompüterdən, sosial şəbəkələrdən istifadə etməsəm, geri qalacağam.
Şükür ki, daha obyektiv seçim etmək mümkün olan bir dövrdə yaşayırıq. İnternet vasitəsilə böyük dünyaya açıla, çox geniş məlumatlar ala və ağıllı seçimlər edə bilirik. Mənim yaşımda olan insanlar da başa düşür ki, əgər biz internet dünyasından yararlanmasaq, fərqli dərəcədə geri qalacağıq. Bu səbəbdən mütləq uyğunlaşmaq lazımdır.
Həyatın meyarı zamandır
- Zəmanə haqda danışdınız, bəs zaman haqda nə deyə bilərsiniz?
- Fikrimcə, insanları işgüzar və tənbəl olaraq da iki yerə bölmək olar. Təbii ki, zəhmətsevər adamlar bu dünyada daha böyük uğurlara imza atırlar. Bu, bəlkə də zamanın düzgün istifadə olunmasından irəli gəlir. Bir var 50-60 illik ömrün hər günündə 10 saat faydalı işlə məşğul olub cəmdə təxminən 20 il nəticən olsun, bir də var həftədə 1 saat nə isə edib cəmi heç100 günlük də göstəricin olmasın. 20 il 100 gündən nə qədər irəlidirsə, insanlar arasındakı nəticə fərqi bir o qədərdir. Aydın olsun deyə, belə deyim: elə bilin ki, iki səyyah yol gedir, biri gündə 10 kilometr, o biri həftədə 1 kilometr getsə, 40 ildən sonra nə qədər fərq olar? Zaman da belədir. Allahın insana verdiyi ən qiymətli nemət həyatdır, onun da meyarı zamandır. Mənim fikrimcə, günün çox saatını məhsuldar keçirmək daha faydalıdır. Dinimizə görə müqəddəs hesab edilən nemətlər var, biz də onların qədrini bilirik və yaxud bilməyə çalışırıq. Amma dərin düşünəndə zaman hər nemətdən qat-qat irəlidir. Bu ən qiymətli varlığı insanlara, dostlara, elmə, ailəyə, qısası cəmiyyətə, onun faydasına həsr etməyin tərəfdarlarındanam.
Ən böyük nailiyyətim yaxşı ailəyə sahib olmağımdır
- Bu il 65 yaşınız tamam olur. Sizcə, bu müddətdə ən böyük nailiyyətləriniz nələr olub?
- Bütün insanlar kimi mənim də ən böyük nailiyyətim, fikrimcə, yaxşı ailəyə sahib olmağımdır. Gözəl iki övladım var. Qızım həkim, oğlum hüquqşünasdır. Mən bəzi valideynlərdən fərqli olaraq onlar üçün maddi baxımdan heç nə edə bilməsəm də, intellektli, zəhmətkeş, elmə, təhsilə maraq göstərən, həyatsevər, halalı-haramı ayıran, vicdanlı insanlar yetişdirməyə çalışmışam. Qızım gözəl həkim olsa da, üç övlad böyütdüyünə görə işləmir, ancaq bütün qohumların, tanışların səhhət problemlərini online qaydada həll edə bilir. Oğlum hazırda İqtisadi İnkişaf Nazirliyində məsul vəzifədə çalışır. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə, magistraturanı ingilis dilində bitirib gənc yaşında hüquq üzrə fəlsəfə doktorluğu müdafiə etsə də, Elxan bu gün də təhsilini davam etdirir-reytinqinə görə dünyanın birinci onluğunda yer alan ABŞ-ın Dyuk Universitetinin Fuqua Biznes Məktəbində oxuyur. Artıq həyatın qalan hissəsini həsr etməyə yeni obyektlər də yaranıb - 5 nəvəm var, özü də qəti əmindirlər ki, mən dünyaya onların istəklərini həyata keçirmək, onları xoşbəxt etmək üçün gəlmişəm...
Şakir CƏFƏROV