Şəhid anası sertifikasiya imtahanında şəhid ailələrinə güzəşt edilməməsindən narazıdır.
Bununla bağlı "Tehsil.biz"ə danışan, adının qeyd olunmasını istəməyən şəhid anası oğlunun ölümündən heç bir il keçməmiş sertifikasiyaya cəlb olunduğunu bildirib.
Şəhid anası ağlaya-ağlaya imtahan verdiyini deyib:
"Mənim kimi müəllim az sayda olardı ki, bu güzəşti də bizə şamil etmək mümkün ola bilərdi. Əgər məzuniyyətdən qayıdan ana bu prosesdən azad olunursa, övladını itirən anaya da güzəşt etmək lazım idi. Dağ boyda oğlu şəhid olan ana niyə imtahan verir? Sertifikasiyadan 56 bal test, 40 bal müsahibə olmaqla, ümumilikdə 96 bal toplayaraq keçdim, amma imtahanı ağlaya-ağlaya verdim. İmtahandan yaxşı nəticə toplamaya da bilərdim. Mənim üçün çox çətin oldu".
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirildi ki, hazırda sertifikatlaşdırma prosesində şəhid ailələri üzvlərinə güzəşt nəzərdə tutulmur.
"Sertifikasiya imtahanlarında hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar 5 il müddətində, azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər iştirak etmirlər", - nazirlikdən bildirilib.
Həmçinin oxuyun: 92 bal toplayıb işsiz qalan müəllim işlə təmin edilib