İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbin direktoru Anar Ələkbərov təhsil müəssisəsinin müəllimi Leyla Nəcəfquliyevanın sanitar qovşağın olmaması ilə bağlı etirazına və buna görə məktəb tərəfindən sıxışdırılmasına münasibət bildirib.
Bununla bağlı "Tehsil.biz"ə açıqlama verən məktəb direktoru mövcud problemin 6 dekabr 2022-ci il tarixindən yarandığını, məlum görüntülərin isə ötən günlərdə yayıldığını deyib.
Direktorun sözlərinə görə, sözügedən məktəbdə 3 ədəd ayaqyolu var: "Məktəbdə üç sanitar qovşaq var. Leyla müəllim də sinifdə olan şagirdlərinin hamısını birgə ayaqyoluna yollayırdı. Üstəlik ayaqyolundan istifadə etmək istəyən digər siniflərin şagirdlərinə mane olurdu ki, ilk öz şagirdləri sanitar qovşaqdan istifadə etsin. Bununla bağlı müəllimə irad bildirən zaman isə o, etiraz edərək dərslərə gəlməməyə başladı".
Anar Ələkbərov bildirib ki, Leyla Nəcəfquliyeva 7-8 dekabr tarixlərində icazəsiz formada dərslərə gəlməyib: "Müzakirə dekabrın 6-da oldu, lakin Leyla müəllim 7-8 dekabr tarixlərində özünün icazəsiz dərsə gəlməməsi ilə yanaşı, şagirdlərinin də dərslərə qatılmaması üçün tapşırıq verirdi ki, heç kim məktəbə gəlməsin. Müəllimlə 16 ildir, çalışırıq, heç vaxt problemimiz olmayıb. Tək anlaşılmazlıq elə müəllimin bu davranışına görə baş verdi".
Direktor Leyla Nəcəfquliyevanın yaydığı görüntülərə görə töhmət alması, həmçinin maaşının kəsilməsi iddialarına da aydınlıq gətirib: "Müəllim görüntüləri lentə aldığı və ya həmin görüntüləri yaydığı üçün töhmət almayıb. Müəllimə töhmət verilməsinin əsl səbəbi qeyd etidyimiz kimi 7-8 dekabr tarixlərində özünün məktəbə icazəsiz gəlməməsi, şagirdlərinin də dərsdə iştirak etmələrinə icazə verməməsidir. Müəllimin əməkhaqqısından tutulma da məhz iki gün dərsdən yayındığına görə olub".
Fəqan Əzimli
Həmçinin oxuyun: Leyla müəllimdən YENİ AÇIQLAMA: "Əllərindən gələni edirlər ki, işimi itirim"