Logo

MDU modernləşən universitet: strateji hədəflər və əsas nəticələr

20.01.2023 20:24 343 baxış
IMG

2022/2023-cü tədris ilinin payız semestri: ali təhsil mühitinin imkanları

Əvvəli

İdarəetmədə əsas gözləntilər və yeniliklər

Mingəçevir Dövlət Universitetində (MDU) idarəetmə fəaliyyəti strateji olaraq orta və uzunmüddətli dövrdə paytaxtın qabaqcıl universitetləri səviyyəsində keyfiyyətli ali təhsil xidmətləri göstərən, ölkəmizin və bölgənin hərtərəfli inkişafına davamlı töhfə verən, regional ekosistemin drayverinə çevrilən yeni dövrün universitetinin qurulmasına hədəflənmişdir. Bu baxımdan, təhsilalanların hərtərəfli inkişafı, onların layiqli vətəndaş, müasir dünyagörüşlü şəxsiyyət və rəqabətqabiliyyətli yüksək ixtisaslı kadr kimi yetişmələri, elm və innovasiya fəaliyyətlərinin inkişafı üçün bütün zəruri imkanları təqdim edən əlverişli ali təhsil mühitinin təmin edilməsi universitet idarəçiliyində prioritet əhəmiyyət kəsb etmişdir.

Qarşıda duran hədəflər idarəetmədə tədrisin və elmi fəaliyyətin keyfiyyətinin davamlı sürətdə yüksəldilməsi, yeni ixtisasların yaradılması, tərəfdaş xarici və yerli universitetlərlə əməkdaşlığın inkişafı, müvafiq dövlət qurumları və sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, təşkilati strukturun müasir dövrün tələblərinə uyğunlaşdırılması, rəqəmsallaşma, infrastrukturun yenilənməsi, sosial fəaliyyətlərin genişləndirilməsi və cəmiyyətə fəal inteqrasiya vəzifələrini aktuallaşdırmışdır.

Qeyd olunan məsələlər MDU-nun kollegial idarə orqanı olan Elmi Şuranın iclaslarının gündəliklərində də öz əksini tapmışdır. Cari payız semestri ərzində 5 dəfə keçirilən MDU Elmi Şurasının iclaslarında universitetin təhsil, elm, idarəetmə, maliyyə, beynəlxalq əməkdaşlıq, sosial və digər fəaliyyətləri ilə bağlı müzakirələr aparılmış, onların strateji hədəflərə uyğun təkmilləşdirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilmişdir.

Hesabat dövründə universitet idarəçiliyində çevik, şəffaf və rəqəmsal mexanizmlərin geniş tətbiqinə xüsusi diqqət göstərilmiş və vahid elektron idarəetmə platforması olan “Elektron Universitet”modelinin MDU-da tətbiq edilməsi məqsədilə hazırlıq işlərinə başlanılmışdır. Eləcə də, universitetdə mövcud struktur bölmələr arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması, yeni struktur bölmələrin yaradılması, əməkdaşlar üçün stimullaşdırıcı və motivasiyaedici mexanizmlərin tətbiqi və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində müvafiq addımlar atılmışdır.

Kadr potensialının, tədris-metodiki və infrastruktur təminatın məqsədyönlü və kompleks şəkildə gücləndirilməsi istiqamətində görülən işlər universitetdə əmək bazarının mövcud tələblərinə uyğun yeni ixtisasların açılmasına və tələbə-müəllim kontingentinin genişləndirilməsinə imkan yaratmışdır. Belə ki, cari tədris ilindən etibarən MDU-da bakalavriat səviyyəsində 5 yeni ixtisas - “Kompüter mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Fizika müəllimliyi”, “Kimya müəllimliyi” və “Turizm bələdçiliyi”, magistratura səviyyəsində isə 1 yeni ixtisaslaşma - “Tarix fənninin tədrisi metodikası və metodologiyası” üzrə tələbə qəbulu həyata keçirilmiş və kadr hazırlığına başlanılmışdır.

Dünya və milli ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq, universitetin strukturunun təkmilləşdirilməsi məqsədilə cari payız semestrinin sonunda MDU-da Rəqəmsal inkişaf və layihələrin idarəedilməsi şöbəsi yaradılmışdır. Bununla yanaşı, universitetdə Keyfiyyət Təminatı üzrə Komissiya fəaliyyətə başlamış və onun Əsasnaməsi təsdiq edilmişdir.

MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə müvafiq qaydada mükafatlandırılması universitetdə elmi fəaliyyətin nəticəyönümlüyünün artırılması və akademik heyət üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması imkanlarının genişləndirilməsi baxımından xüsusi önəm kəsb etmişdir. Bununla yanaşı, seçkili vəzifələrin tutulmasında şəffaflığın və ədalətli rəqabətin təmin edilməsi prinsiplərinə əsaslanaraq, cari payız semestrində təsdiq edilmiş “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları” universitetdə kadr potensialının gücləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və elmi fəaliyyətin səmərəliliyinin artırılmasına hədəflənmişdir.

Tələbələrin universitet idarəçiliyində fəal iştirakının təmin edilməsi hesabat dövründə də diqqət mərkəzində saxlanılmışdır. MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya Komissiyalarının tərkibində tələbələr fəal təmsil olunmuşlar. Bununla yanaşı, tələbə və valideynlərin istəklərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari payız semestrinin imtahan sessiyası ərzində universitet rektorunun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. MDU-da “İmtahanlara dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyəti imtahan sessiyasında operativliyin təmin edilməsinə və yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət edir. Eləcə də, ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə ödənişsiz məlumatlandırıcı və məsləhət xidmətləri göstərmək məqsədilə MDU-da “Abituriyentlərə dəstək qrupu” yaradılmış, yeni qəbul olmuş tələbə və magistrantların universitetlə tanışlıq prosesinə dəstək məqsədilə “Oriyentasiya Günü” keçirilmiş və onların universitet həyatına daha motivasiyalı inteqrasiyası üçün rektorla görüşləri təşkil edilmişdir.

Bunlarla yanaşı, Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurasının üzvləri müvafiq fəaliyyətlərə qoşulmaqla universitetin idarəçiliyinə aktiv cəlb olunmuşlar.

Potensialın inkişafını dəstəkləyən ali təhsil mühiti

Təhsilalanların hərtərəfli inkişafı, eləcə də akademik və inzibati heyət üzvlərinin idarəetmə, pedaqoji və tədqiqat bacarıqlarının artırılması məqsədilə universitet, ölkə və beynəlxalq səviyyədə həyata keçirilən müvafiq layihələrdə, maarifləndirici tədbirlərdə, təlim və təcrübə proqramlarında MDU-nun kollektiv üzvlərinin, tələbə və magistrantlarının iştirakı üçün müvafiq şərait yaradılmışdır. Bu istiqamətdə fəaliyyətlərdə müvafiq qurumlarla tərəfdaşlıq, eləcə də MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı əhəmiyyətli rol oynamışdır.

Akademik və inzibati heyətin bilik və bacarıqlarının artırılması

2022-ci ilin sentyabrında MDU-da iki fərqli birhəftəlik “Tyutor xidməti” təlimlərinin təşkili təhsil prosesinə cəlb olunan tyutorların bilik, bacarıq və səriştələrinin artırılmasına hədəflənmişdir.

Bakıda Avropa İttifaqının “HORİZON 2020” proqramı çərçivəsində təşkil edilən yay məktəbində MDU-nun doktorant əməkdaşlarının iştirakı müvafiq mühəndislik sahələri üzrə onların nəzəri və praktiki biliklərinin artırılması məqsədi daşımışdır.

Eyni zamanda, elmi fəaliyyətin məhsuldarlığının artırılmasını diqqət mərkəzində saxlayan MDU-da akademik heyət üzvləri üçün “Hirş indeksi və onun tətbiqi” mövzusunda maarifləndirici seminarlar təşkil edilmişdir.

Bununla yanaşı, Bakı Dövlət Universiteti və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə kvant elminin və texnologiyasının müasir meyillərinə həsr olunan beynəlxalq yay məktəbində MDU-da təmsil olunmuşdur.

Ötən ilin oktyabrında Cənubi Koreyanın paytaxtı Seul şəhərində Koreya Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları  Nazirliyi və IT Sənayesinin Təşviqi üzrə Milli Agentliyinin birgə təşkilatçılığı ilə“İKT mütəxəssisi hazırlığı proqramı 2022” çərçivəsində keçirilən “Süni intellekt və Təhsil Texnologiyaları” beynəlxalq təlim kursunda MDU əməkdaşının iştirakı təmin olunmuşdur.

Eləcə də, MDU-nun 10 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən “Mentorun 72 saatı” adlı “Bootcamp” təlimlərində iştirak etmişdir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə keçirilən müvafiq beynəlxalq konfrans və praktik təlimlərdə MDU əməkdaşlarının iştirakının təmin edilməsi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından faydalı olmuşdur.

Həmçinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və rəqəmsal biliklərin təkmilləşdirilməsinə dəstək verən “Yerli layihəsi”ndə MDU-nun 4 əməkdaşı fəal iştirak etmişdir.

Tələbələrin hərtərəfli inkişafı

Ötən ilin iyul-sentyabr aylarında MDU-nun 11 tələbə və magistrantı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək məqsədilə təşkil etdiyi Yay Təcrübə Proqramını uğurla başa vurmuşdur.

Britaniya Şurasının “Creative Spark” layihəsi çərçivəsində Qrinviç Universitetinin tərəfdaşlığı və Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə gənclərdə sahibkarlıq və biznes bacarıqlarının inkişafı məqsədilə MDU-da təlim təşkil edilmişdir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə “Qoşa saat” layihəsi çərçivəsində “Uğur hekayəni ABB ilə yaz” şüarı altında MDU-da keçirilən tədbirdə tələbələr  “CV hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Uğur hekayəsi” və “Bankda iş imkanları” mövzularında məlumatlandırılmışlar.

MDU-da keçirilən karyera planlaması, xarici dil, rəqəmsal və “yumşaq” bacarıqlarla bağlı təlimlər, “Uğurunu paylaş”, “Sabahına hazır ol”və “Təcrübə danışır” devizi altında tədbirlər tələbələrin əmək bazarında rəqabət qabiliyyətlilik səviyyəsinin yüksəldilməsinə hədəflənmişdir.

MDU-da ABŞ Səfirliyinin dəstəyi ilə xaricdə ali təhsil imkanları, “Bir Könüllü” Təşkilatı tərəfindən könüllülük fəaliyyətləri, “Bilim Bakı” Mərkəzinin təşkilatçılığı ilə “TEKNOFEST 2023” festivalı barədə infosessiyaların keçirilməsi tələbə və magistrantların bu istiqamətlər üzrə fəaliyyətlərdə iştirakını təşviq etmişdir.

Eləcə də, hesabat dövründə iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, gender problemləri, yanğın təhlükəsizliyi, icbari tibbi sığorta, təhsil tələbə krediti, məşğulluq və digər məsələlərlə bağlı maarifləndirici seminarlar və görüşlərin keçirilməsi, müvafiq ekskursiyaların təşkili tələbələrin aktual mövzularda məlumatlılıq səviyyəsinin və dünyagörüşlərinin artırılmasına xidmət etmişdir.

Universitet-sənaye əməkdaşlığının inkişafı

Regional innovasiya ekosisteminin drayveri rolunda universitetin potensialının gücləndirilməsində sənaye ilə işbirliyi xüsusi önəm daşıyır. Təhsil-sənaye əməkdaşlığı universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması işlərinə töhfə verir. Bu baxımdan, hesabat dövründə sənayeni təmsil edən tərəfdaşlarla müxtəlif formatlı birgə fəaliyyətlər diqqətdə saxlanılmışdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə MDU-nun əməkdaşlığı cari payız semestrində də davam etdirilmişdir. ASK tərəfindən həyata keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” tədbirlər planı çərçivəsində MDU-da “İş yeri axtarma, iş yeri yarat” layihəsi ilə bağlı seminar təşkil olunmuşdur.

“SOCAR Midstream” ilə işbirliyi çərçivəsində MDU-da IT təhsilin inkişafı ilə bağlı müvafiq layihə təklifinin hazırlanması, müzakirəsi və təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.

“Azərbaycan İES” MMC ilə əməkdaşlıq çərçivəsində Energetiklər Gününə həsr edilmiş elmi-praktik konfrans, “dəyirmi masa” və ekskursiya təşkil edilmişdir.

Bununla yanaşı, MDU-da “Sənaye mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr Mingəçevir Sənaye Parkında fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-yə ekskursiya etmişlər.

Sosialyönümlü fəaliyyətlər

Cəmiyyətə faydalı sosial xidmətlər göstərməyi əsas missiyalarından biri kimi müəyyən edən MDU hesabat dövründə sosialyönümlü fəaliyyətlərini genişləndirmiş və bununla bağlı tərəfdaşlıqlara xüsusi önəm vermişdir.

2022-ci il noyabrın 28-də MDU və “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. MDU rektorunun Bakıda Autizm Mərkəzinə ziyarəti zamanı imzalanan sözügedən Memorandum müvafiq sahədə çoxşaxəli birgə fəaliyyətləri ehtiva etmişdir. Əməkdaşlıq çərçivəsində hesabat dövründə MDU-da professor-müəllim heyəti, tələbə və magistrantların, eləcə də bölgədə yaşayan autizmli uşaqlar və onların valideynlərinin iştirakı ilə “Autizm nədir?” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Bununla yanaşı, MDU kollektivi talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyalarında fəal iştirak etmişdir. Eyni zamanda, universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan tələbələri Mingəçevirdə Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət etmişlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətdə tətbiq edilən fərdi davranış qaydaları ilə praktiki surətdə tanış olan tələbələr onlarla birlikdə əyləncəli formatda müvafiq tədris tapşırıqlarını yerinə yetirməklə öz dəstəklərini ifadə etmişlər.

Ali təhsil mühitinin vətənpərvərlik məzmunu

Tələbə gənclərin layiqli vətəndaş kimi yetişdirilməsinə prioritet əhəmiyyət verən MDU-da ali təhsil mühitinin vətənpərvərlik məzmununun daha da gücləndirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Bu istiqamətdə fəaliyyətlərin icrası və koordinasiyasında MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi əhəmiyyətli rol oynamışdır. MDU-da Anım Gününə, Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən çoxsaylı tədbirlər keçirilmişdir. Hesabat dövründə universitetin şəhid məzunlarının ailələri mütəmadi ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri yad edilmiş, qazi məzunlarla, Vətən müharibəsi iştirakçısı olan tələbə və əməkdaşlarla görüşlər təşkil olunmuşdur. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. MDU-nun 1 məzunu isə ötən ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuşdur.

Çoxşaxəli tələbə həyatı və nailiyyətlər

Tələbəyönümlü ali təhsil mühitinin təmin edilməsini diqqət mərkəzində saxlayan MDU-da tələbə həyatının çoxşaxəliliyinə xüsusi önəm verilir. Tələbə təşkilatları və klublarının işində, universitet idarəçiliyi, startap və könüllülük fəaliyyətlərində, elmi konfranslarda, vətənpərvərlik məzmunlu tədbirlərdə, müvafiq təbliğat və maarifləndirmə işlərində, iməciliklərdə, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələri və yarışlarında fəal iştirakda özünü göstərən bu çoxşaxəlilik universitet həyatını daha rəngarəng və maraqlı edərək gənclərin hərtərəfli inkişafı və liderlik keyfiyyətlərinin artırılması üçün geniş imkanlar yaratmışdır. Cari tədris ilinin payız semestri ərzində də MDU tələbələri bir çox nailiyyətlərə imza atmaqla universiteti layiqincə təmsil etmişlər.

MDU tələbəsi Bəxtiyar Mehdiyev ötən ilin 1-4 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilmiş Alpaqut üzrə Dünya Çempionatında birincilik əldə edərək dünya çempionu adını qazanmışdır.

2022-ci ilin noyabrın 12-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında MDU-nun tələbələrdən ibarət komandası 13-cü yerdə qərarlaşmışdır.

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda MDU tələbəsi Hikmət Qaffarov “Dövlət qurumlarında Könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” mükafatı ilə təltif edilmişdir.

Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində MDU-nun 3 tələbəsi və 1 magistrantı tərəfindən təqdim edilən 4 layihə qalib olmuşdur.

Gənclər Fondu tərəfindən sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclər üçün elan edilən müsabiqənin nəticələrinə əsasən 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə təhsil xərci qarşılanan 431 nəfər arasında MDU-nun 23 tələbəsi yer almışdır.

Tələbə Basketbol Liqasının 2022/2023-cü il üzrə seçmə mərhələsində MDU-nun tələbə oğlanlardan ibarət basketbol komandası fəal təmsil olunmuş və qrup yarışlarında uğurlu nəticə göstərməklə play-off mərhələsinə yüksələ bilmişdir.

Təhsildə və ictimai işlərdə əldə etdiyi uğurlara görə MDU tələbəsi Fatma Mirzəzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə və fəxri fərmanına layiq görülmüşdür.

SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda MDU-nun tələbə komandası fəal təmsil olunmuşdur.

Gənclər və idman nazirinin MDU-da gənclərlə görüşü

2022-ci ilin noyabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov “Gənclərlə dialoq platforması” çərçivəsində MDU-da görüş keçirərək regionun tələbə gənclərinə dəstəyini ifadə etmişdir. Görüşdə Tələbə-Gənclər Təşkilatının fəaliyyəti, tələbələrin idmana cəlb edilməsi, elmi fəaliyyətin dəstəklənməsi, regionlarda respublika səviyyəli gənclər tədbirlərinin keçirilməsi, ictimai və könüllülük fəaliyyəti barədə fikir mübadiləsi aparılmış, tələbələrin təklifləri və fikirləri dinlənilmişdir.

(ardı var)

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti