Logo

Ümummilli lider sağlam gələcəyin, böyük qələbələrin memarıdır - II yazı

01.02.2023 12:07 392 baxış
IMG

Yazının əvvəli

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu.

İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi.

Bundan sonra ölkədə yeni idman obyektlərinin tikintisi, həmçinin mövcud idman qurğularının yaradılması, bərpası və avadanlıqla təchizatı istiqamətində mühüm işlərin həyata keçirilməsinə başlandı. 1998-ci ildə Bakıda, Naxçıvanda və Gəncədə iki universal zaldan ibarət yeni idman qurğularının, eləcə də Bakıda Milli Olimpiya Komitəsinin inzibati binasının layihələrinin hazırlanması üçün tender elan olundu. 1999-cu ildə həmin obyektlərin tikintisinə start verildi. Bakıda min nəfərdən çox tamaşaçı tutan iki universal zaldan ibarət Olimpiya İdman Kompleksinin tikintisi Sidney Yay Olimpiya  Oyunlarından bir qədər sonra başa çatdı. 

1998-ci ilin yanvarında idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər həll olundu, federasiyaların işində səliqə-səhman yaradıldı. İdmançıların təlim-məşq prosesi, onların yarışlarda iştirakı təmin edildi. İlin sonunda Sidney Olimpiadasına ilk lisenziya qazanıldı. Ümumilikdə Azərbaycan Avstraliya paytaxtına 31 idmançı ilə yollandı. Avqustun 25-də Zuğulba qəsəbəsindəki Beynəlxalq Turizm Mərkəzində dövlət başçısının iştirakı ilə yolasalma mərasimi keçirildi. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komitənin son illərdə gördüyü işlər, Sidney Oyunlarına hazırlıq barədə dövlət başçısına hesabat verdi. Azərbaycan Prezidenti Heydər Əliyev idmançılara tövsiyələrini, xeyir-duasını verdi. Onlara uğurlu yol arzuladı. Ölkə başçısı Olimpiya Oyunlarının necə əhəmiyyətli, necə möhtəşəm bir hadisə olduğunu vurğuladı. Prezident olimpiyaçılarımıza xeyir-dua verərək dedi: “Qələbə əlinizdədir, qələbə qolunuzdadır, qələbə Vətənə olan sevginizdə, Vətənə olan borcunuzu yerinə yetirməyinizdədir. 
...Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır... Sizdən asılı olan odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla da sizə olan etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan bu böyük işdə uğurlar arzulayıram”.

Olimpiyaçılar doğma vətəni ləyaqətlə təmsil edəcəklərinə and içib, Sidneyə yola düşdülər.

Olimpiya komandamız Sidneydə iki qızıl və bir bürünc medal qazanaraq 80 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı. Bu zəfəri ölkəmizin adına Zemfira Meftaxetdinova, Namiq Abdullayev və Vüqar Ələkbərov yazdılar.

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sidneydən qayıtmış nümayəndə heyətini qəbul etdi, onları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edərək dedi: “Mən bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan  idmançıları, Azərbaycanı təmsil edən bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, vuruşmuşlar və böyük qələbələr əldə etmişlər”.

Prezident Sarayında keçirilmiş təntənəli görüşdə Olimpiya mükafatçıları və onların məşqçiləri dövlət ordenləri ilə təltif olundular. Bütün olimpiyaçılar Prezidentin mükafatlarını aldılar.

2000-ci il oktyabrın 20-də yeni Bakı Olimpiya kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, o dövrdə Avropa Olimpiya Komitəsinin  prezidenti olan Jak Roqq, AOK-un baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etdilər.

Açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söylədi. Dövlət başçısı nitqində dedi: “Milli Olimpiya Komitəsi öz imkanlarından istifadə edərək, dövlətdən bir vəsait almayaraq Azərbaycanda müxtəlif yerlərdə Olimpiya Komitəsinin idman  komplekslərini tikməyə başlamışdır. Hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin başlanğıcıdır”. 

Bu, doğrudan da başlanğıc oldu. İlk idman kompleksi 2000-ci ilin oktyabrında istifadəyə verildi. 2001-ci ilin mart ayının 26-da Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi proqramının bir hissəsi olan inzibati binanın tikintisi başa çatdırıldı. Bu obyektin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə iştirak etdi. 

2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan ümummilli liderin layiqli davamçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. 

Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamını eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət də var. Liderimiz Heydər Əliyevin həyat fəaliyyəti gənclərimiz üçün zəngin tərbiyə məktəbidir.

Dilqəm Quliyev,
Prezidentin fərdi təqaüdçüsü, 
pedaqogika üzrə elmlər doktoru, 
professor

Xəbər lenti