Fevralın 18-də Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyi (GADƏMB) tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında "Dilimiz birliyimizdir" adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirin məqsədi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini bir araya toplamaq, dilimizi qorumağın zəruriliyi haqqında söhbət aparmaq idi.
GADƏMB-in sədri Gülgün Rzayeva tədbiri giriş sözü ilə açaraq müəllimləri və qonaqları 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edib.
Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi, onun məqsədi, görülən işlər, qarşıda duran hədəflər, dilimizin keşiyində duran müəllimlərin birləşməsinin vacibliyindən bəhs edib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə, ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev məzmunlu çıxışlarla iştirak ediblər.