AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, “Dilimiz milli sərvətimizdir” mövzusunda konfransı AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, bu günün tarixi barədə məlumat verib.
Ana dilindən istifadənin vacibliyini qeyd edən akademik vurğulayıb ki, dilimizin hərtərəfli inkişafı onun qorunmasına yönəlik siyasətin nəticəsidir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və başqa mühüm fərman və sərəncamların imzalanması, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ali Baş Komandanın zəfər üslubu”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Cənubi Azərbaycanda ana dili məsələləri”, Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Heydər Əliyev və dil məsələləri” mövzusunda məruzə ediblər.
Məruzələrdə Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinin mətnləri fonetik, leksik, semantik təhlilə cəlb olunub, üslub xüsusiyyətləri şərh olunub. Həmin müraciətlərdə istifadə olunan nitq elementlərinin, xüsusilə frazeoloji birləşmələrin ədəbi dildə istifadə imkanlarından söz açılıb. Həmçinin millətin formalaşmasında ana dilinin mühümlüyü, ana dilimizin qorunması və təbliği məsələsi əhatəli şərh olunub. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan dili, Azərbaycan əlifbası ilə bağlı imzalanan Fərman və sərəncamların önəmi, dilimizin inkişafı və təbliğinə verdiyi töhfələr vurğulanıb. Dövlət müstəqiiliyinin bərpasından sonra ana dilimizin təbliği sahəsində həyata keçirilən işlərdən danışılıb.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.