Logo

Müəllimin şagirdə yer sildirməsi məsələsi araşdırılır - RƏSMİ

07.03.2023 18:26 773 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsi Mehdiabadda yerləşən 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdə məktəbin dəhlizini sildirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdarədən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin 08.02.2023-cü il tarixində 36-D-22 nömrəli məktubuna əsasən Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə bütün ölkə üzrə eləcə də Abşeron-Xızı Regional təhsil İdarəsi üzrə 20 ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb:

"Abşeron rayon Mehdiabad 4 nömrəli tam orta məktəb də pilot məktəblər sırasına daxil olubdur. Bu yöndə nümunəvi fəaliyyət planı hazırlanıb, şagirdlərlə görüş keçirilməsi, tapşırıqlar verilməsi, daxili nizam-intizam qaydalarının hazırlanması və təkliflərin verilməsi ilə əlaqədar olaraq direktorlara müvafiq tapşırıqlar verilib. Lakin Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru təlimata zidd olaraq, şagird-davranış qaydalarının məktəblərdə pilot layihə kimi tətbiqindən öncə, nəzərdə tutulmayan qaydada 03.02.2023-cü il tarixdə pedaqoji şura iclası təşkil edərək daxili nizam-intizam qaydaları tətbiq edibdir. Bütün bu göstərilənlərlə əlaqədar araşdırılma aparılıb, təlim-tərbiyə işləri üzrə təşkilatçı müavinin, eləcə də məktəb direktorunun izahatı alınmışdır. Araşdırma zamanı şagirdin davamiyyətinin zəif olması aşkarlanıb. Araşdırma zamanı şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təstiqini tapıb. Bildiririk ki, hal-hazırda araşdırma davam edir, məsuliyyətli şəxslər müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılacaqdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə müəllim dərsə gecikən şagirdə cəza olaraq məktəbin döşəməsini sildirib, məktəbliyə növbəti dəfə dərsə kecikdiyi təqdirdə ona ayaqyolunu sildirəcəyini deyib. Müəllimin şagirdə qarşı bu davranışı ictimaiyyət arasında ciddi müzakirələrə yol açıb.

Mərcanə Əsədova

Xəbər lenti